Pages

воскресенье, 11 ноября 2018 г.

Yeni il ssenarisi


                                           Yeni il ssenarisi. 

İştirak edirlər: Dəniz quldurları(piratlar) və onların başçısı, Kirpi, Dovşan, Tülkü,
Canavar, Ayı, Qar qız, Sehrli Pəri, Yeni il, Şaxta baba
Rəqslər:  Qar dənəciklərinin rəqsi, Santaların rəqsi
Mahnilar: Piratların mahnısı, Yeni il mahnısı, Gözəl Vətən mahnısı
                                              I hissə
Sinif bəzənmişdir. Şən musiqi səslənir.Bu zaman pirat (dəniz quldurlarının başçısı) səhnəyə çıxır və deyir:
-Ha, ha, ha! Uşaqlar şənlik keçirmək istəyirlər. Yox, qoymaram! Mən sizin Yeni ilinizi oğurlamışam! O mənim gəmimdədir. Əlimdən ala bilməzsiniz! Yeni il şənliyiniz olmayacaq!
Dəniz qulduru fit çalır, dostlarını çağırır. Onlar gəlir və “Piratlar” mahnısını oxuyurlar,rəqs edirlər. 



Sonra başçı quldur deyir:
-        -  Ha, ha, ha, ha!!! İndi gedək, bir az yatım,dincəlim, yaman yorulmuşam. Sonra isə uzaq səfərə çıxmalıyıq! Haydı, uşaqlar, ardımca!
Piratlar gedirlər.
                                           II hissə
Səhnəyə Kirpi və Dovşan gəlir.Dovşan deyir:
-Kirpi qardaş, eşitdin? Quldurlar bizim Yeni ilimizi oğurlayiblar.Bəs indi biz neyləyəcəyik? ( Ağlayır)
Kirpi deyir:
-Heç narahat olma, a dovşan qardaş.İndi bir şey fikirləşərik.
Kirpi o tərəf bu tərəfə var-gəl edir.
Bu zaman Tülkü ilə Canavar səhnəyə çıxır. Onlar Dovşana hücum edir.Dovşan qaçmaq istəyəndə Kirpi onu müdafiə edir.
-Dayanın! Adam özündən balacaları incitməz! Gücünüz çatırsa gedin quldurların əlindən Yeni ili xilas edin!
Tülkü ilə Canavar ikisi də birdən deyir: - Yeni ili? Yeni ilə nə olub?
Bu zaman Ayı nərildəyə-nərildəyə səhnəyə daxil olur.O deyir:
-Bu nə səs-küydür salmısınız?! Yatmağa da qoymadınız! İndi sizi parçalayacağam!!!
Heyvanlar qorxub qaçmaq istəyirlər. Amma Kirpi qorxmur. O, irəli gəlib deyir:
-Hörmətli Ayı qardaş, sən bizim meşədə hamıdan böyüksən, güclüsən. Sən bizə kömək edə bilərsən.
Ayı: - Nə olub sizə?
Kirpi: -Bizə yox. Yeni ilimizi xilas etmək lazımdır. Quldurlar onu oğurlayıblar.
Ayı başını qaşıya – qaşıya deyir: -Hə....Əlbəttə mən sizə kömək edərəm. Verin o quldurları mənə parçalayım!
Heyvanlar deyirlər: - Axı, biz bilmirik onlar harada gizləniblər.
Bu zaman Qar qız və Sehrli  Peri gəlirlər. Onlar salamlaşırlar: - Salam, dostlar!
Qar qız deyir: - Niyə burada durmusunuz? Axı bizi uşaqlar gözləyir. Yeni il şənliyidir!
Dovşan irəli çıxıb ağlayaraq deyir:
-Gözəl Qar qız, Sehrli Pəri, biz bu şənliyə gedə bilmərik.
Kirpi də deyir:
-Çünki Yeni ilimizi dəniz quldurları - piratlar oğurlayıblar.
Qar qız Sehrli Pəriyə baxıb deyir: - Sehrli Pəri, indi biz nə edək?
Sehrli Pəri deyir: - Mən bilirəm nə etmək lazımdır!
O, Qarqızın qulağına nə isə pıçıldayır. Sonra deyir: - Gəlin gedək.
Qarqız da deyir: - Hə, gəlin gedək!
                                            III hissə
Qar qız və Sehrli Pəri şənliyə gəlirlər. Uşaqlar onları görüb əl çalırlar.Qar qız deyir:
-Əziz və sevimli uşaqlar! Bilirsiniz nə olub?
Uşaqlar: - Nə olub?
Qar qız: - Yeni ili dəniz quldurları oğurlayıb. Amma mən bilirəm nə etmək lazımdır. Biz gərək şənliyimizi elə keçirək ki, quldurlara da maraqlı olsun. O zaman onlar özləri bizim şənliyimizə gələcəklər. Əvvəlcə gəlin birlikdə “ Şaxta baba” mahnısını oxuyaq və sonra Şaxta babanı çağıraq.
Uşaqlar “Şaxta baba” mahnısını oxuyurlar.Qar qız deyir: - İdi gəlin Şaxta babaya şeirlər də söyləyək ki, tez gəlsin.
Uşaqlar şeirlər söyləyirlər.
Sehri Pəri deyir: - İndi isə qar dənəcikləri gəlsin!
Qar dənəciklərinin rəqsi səslənir, qızlar rəqs edirlər.
Sonra Qar qiz deyir: - Uşaqlar, Şaxta babanı çağırmaq vaxtıdır. Gəlin birlikdə onu səsləyək.
Xorla: - Şaxta baba, şaxta can! Hardasan bu vaxtacan!
Şaxta baba gəlir və deyir:
-Salam, əziz uşaqlar! Bayramınız mübarək! 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Hamınızı təbrik edirəm!
                                                   IV hissə
Uşaqlar vətən mövzusunda şeirlər söyləyirlər. “ Gözəl Vətən” mahnısını oxuyurlar.
Sonra Santaların rəqsi ifa edilir.
Bu zaman quldur səhnəyə çıxıb deyir:
-Uşaqlar, nə maraqlıdır şənliyiniz! Mən sizin səsinizdən heç yata da bilmədim. Olar ki, mən də burada iştirak edim?
Uşaqlar: - Yeni ilimizi qaytar bizə! Qaytar!
-         Söz ver ki, heç vaxt heç kimə pislik etməyəcəksən!
Quldur: - Yaxşı, yaxşı...Söz verirəm ki, bu il heç kimə pislik etməyəcəyəm.
Quldur gedir. Yeni il gəlir və deyir:
-Salam, uşaqlar! Sizi görməyimə çox şadam! Yeni iliniz mübarək! Hamınıza can sağlığı və bütün dərslərinizdən əla qiymətlər almağı arzulayıram. Arzu edirəm ki, hər zaman belə qoçaq və şən olasınız!
Sehrli Pəri deyir: - Uşaqlar, gəlin birlikdə “Yeni il” mahnısını oxuyaq!
Uşaqlar Yeni il mahnısını xorla oxuyurlar.
Şənlik davam edir.
                                                     Son.
                                               
                                   Müəllif Dilşad Şeyxzadə



Комментариев нет:

Отправить комментарий