Pages

четверг, 2 ноября 2023 г.

Məktəbəhazırlıq qrupumla ilk ekskursiyamız

 Noyabrın 2-də məktəbəhazırlıq qrupumuzla birgə ilk ekskursiyamız təşkil olundu. Ekskursiyamız 102 nömrəli məktəbin yaxınlığındakı kitabxanaya idi. Bu kitabxana bizim məktəblə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq artıq ənənə xarakteri daşıyır. Bayram günləri və digər tədbirləri çox zaman birlikdə həyata keçiririk. Bizim şagirdlərimizin əksəriyyəti bu kitabxananın üzvüdür. 

Beləliklə, beşyaşlılarımla kitabxanaya yollandıq. Kitabxana əməkdaşlarından Səidə xanım və Aygün xanım bizi mehribancasına qarşıladılar. Səidə xanım ilk növbədə uşaqları kitabxananın “Uşaq ədəbiyyatı” şöbəsi ilə tanış etdi. Uşaqların hər birinə uşaq ədəbiyyatı nümunəsi olan əlvan rəngli kitablar verərək onlar haqqında məlumat verdi. Sonra kiçik bir nağıl oxuyaraq uşaqların fikrini cəlb etdi. Dinləyib-anlama üzrə sual- cavab təşkil etdi. Daha sonra uşaqlar gətirdikləri şəkilləri Səidə xanıma nümayiş etdilər. Həmin şəkilləri kitabxanaya hədiyyə etdilər. “ Uşaq ədəbiyyatı” şöbəsi ilə tanışlıqdan sonra Aygün xanım beşyaşlıları zala dəvət edib böyük masa arxasında əyləşdirdi. Onlar üçün        ” Uşaq Ensiklopediyası “seriyasından heyvanlar haqqında məlumatlar oxudu. Uşaqlar verilən suallara həvəslə cavab verdilər. Daha sonra kitabxana əməkdaşları uşaqlara cizgi filmi nümayiş etdirdi. Bu filmdə kitabxananın insan həyatında digər maddi dəyərlərdən üstün olduğu nümayiş etdirilirdi. Cizgi filmini maraqla izləyən uşaqlar öz təşəkkürlərini bildirdilər və “ Kitablar” mahnısını ifa etdilər. Sonra isə beşyaşlılar öyrəndikləri şeirləri təqdim etdilər. 

Ekskursiyanın sonunda kitabxana əməkdaşları uşaqlarla birlikdə xatirə şəkli çəkdirdilər. Ekskursiyamız çox maraqlı keçdi. Üstəlik də hər bir uşaq bu kitabxanaya üzv oldu. Əminəm ki, savad təlimi dövrü uğurla başa çatdıqdan sonra bizim uşaqlar üzv olduqları kitabxana ilə əməkdaşlıq edərək kitablarla dostlaşacaqlar.



























Комментариев нет:

Отправить комментарий