среда, 23 октября 2024 г.

"Qızıl payızın dostları"

 Şagirdlərimin hərtərəfli inkişafını təmin etmək üçün  mütəmadi olaraq müxtəlif mövzularda sinifdənxaric layihələr hazırlayıram. Birinci sinifdə belə layihələrə valideynləri də cəlb edirəm. Növbəti layihəmiz payız fəslində təbiətdə baş verən dəyişikliklər mövzusunda idi. Layihəyə hazırlıq 10 gün davam etdi. Uşaqlar bu vaxt ərzində quru yarpaqlar yığıb onlardan maraqlı kompozisiyalar hazırladılar. Payız fəslini təsvir edən rəsmlər çəkdilər. Onlar üçün yazdığım şeirləri, tapmacaları öyrəndilər. Valideynlər də bu işdə əməkdaşlıq edərək uşaqların kostyumlarını və digər aksessuarları hazırladılar. Sinfi dekorasiya edərək gözəl bir payız ab-havası yaratdılar. 

Beləliklə, 22 oktyabr tarixində "Qızıl payızın dostları" layihəsinin təqdimatı planlaşdırıldı. 1"a" sinfinin şagirdləri sanki payız nağılına düşmüşdülər. Sinifdə böyük bir sərgi yaradılmışdı. Bu sərgidə uşaqların valideynlərinin  köməyi ilə hazırladığı əl işləri təqdim olundu. Sonra şagirdlər payız fəslinə həsr olunmuş şeirlərini sözlədilər, tapmacalar dedilər, mahnılar oxudular. 

Nəhayət, tədbir başa çatdı. Şagirdlər fəal iştiraka görə diplomla təltif olundular. Onların sevincinin həddi-hüdudu yox idi. Tədbirdə məktəbin tədris-hissə müdiri B. Quliyeva, tərbiyəvi işlər üzrə direktor müavini L.Şükürova, ibtidai sinif müəllimi, əməkdar müəllim S. Əliyeva iştirak edirdi. Onlar uşaqların çıxışlarını, əl işlərini və ümumi dekorasiyanın mövzu ilə həmahəngliyini qeyd edib birincilərə uğurlar arzuladılar. Səmagül müəllim öz yazdığı şeirlərdən hazırladığı "Hərflərin çələngi" adlı multimediya diskini 1"a" sinif şagirdlərinə hədiyyə olaraq bağışladı. 

Videotəqdimatın linki Qızıl payızın dostları





                                   

























суббота, 19 октября 2024 г.

" Danışan rəqəmlər"


Riyaziyyat fənni 1A sinif şagirdlərinin ən sevimli fənnidir. Rəqəmləri öyrənəndən sonra uşaqlarla maraqlı bir sinifdənxaric tədbir keçirildi. Tədbirin adı "Danışan rəqəmlər" idi. Uşaqlar rəqəmlərə aid şeirlər sözlədilər, “Rəqəmlərin mahnısı”nı oxudular. Sonra şeir- məsələləri təqdim etdilər. Tədbirin sonunda “ Məktəbdə öyrənirik” mahnısını xorla ifa etdilər. 1A sinif şagirdlərinin  bu tədbiri çox maraqlı oldu.Tədbirdə 102 nömrəli məktəbin direktoru M.İsmayılova, tədris-hissə müdiri B. Quliyeva, ibtidai sinif müəllimlər S. Əsgərova və İ. Əhmədova iştirak etdi. Onlar öz təəssüratlarını və birincilərə arzularını söylədilər. Qeyd edildi ki, “Danışan rəqəmlər” , “Əyləncəli riyaziyyat” şeirləri və “ Rəqəmlərin mahnısı”nın sözlərinin müəllifi  D.Şeyxzadədir.

Videotəqdimatların linki Danışan rəqəmlər
























 

пятница, 27 сентября 2024 г.

27 Sentyabr Anım Günüdür

 Uşaqların vətənpərvərlik tərbiyəsi vətənə sevgidən başlayır. Dövlət rəmzlərini, vətənimizin tarixini, Milli Qəhrəmanlarımızı, əlamətdar günlərin mahiyyətini  öyrədərək, anladaraq buna nail olmaq olar. 

102 nömrəli məktəbin 1"a" sinfində 27 Sentyabr Anım Günü " Şəhidlər unudulmaz" adlı tədbir keçirildi. Tədbirdə 1"a" sinfinin bütün uşaqları fəal iştirak etdi. Onlar şəhidlərimizə, qələbəmizə həsr olunmuş şeirlər söylədilər. Sonra isə Anım Gününə həsr olunmuş rəsmlərini təqdim etdilər.

Videotəqdimatın linki burada 27 Sentyabr Anım Günü










вторник, 17 сентября 2024 г.

Birincilərimin ilk günü

 16 sentyabr 2024-cü il… Bu tarix bütün birincilər üçün yaddaqalan oldu. İlk zəng, ilk müəllim, yaraşıqlı sinif otağı, həyəcanlı anlar heç vaxt unudulmayacaq. 

    Sentyabrın 16-sı  Bakı şəhəri Binəqədi rayonu M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə yeni tədris ili ilə əlaqədar “Bilik Günü “ tədbiri keçirilirdi. Məktəbin həyətinə toplaşan uşaqlar sevincli, həyəcanlı xoş dəqiqələr yaşayırdı. Üç ay əvvəl ayrılmış dostlar məktəb həyatı üçün bərk darıxmışdılar. Birincilərin isə hər biri böyük gül buketini fəxrlə tutaraq sırada durub sinfə daxil olmaq üçün səbrlə gözləyirdilər. Budur, “ Bilik Günü” tədbiri açıq elan edildi. Məktəbin direktoru Mailə İsmayılova çıxış edərək məktəblilərə uğurlar arzuladı.  Sonra söz qabaqcıl müəllimlərə verildi. Onlar da öz növbəsində şagirdləri təbrik etdilər. Tədbirin sonunda 1”a” sinif şagirdləri şeir və mahnılarla çıxış etdilər. İlk zəng çalındı. Doğma məktəb öz şagirdlərini mehribancasına qarşıladı. Birincilərin ilk dərsi tanışlıqla başladı. Müəllim uşaqları məktəbin davranış qaydaları ilə tanış etdikdən sonra uşaqları da bir-biri ilə tanış etdi. İlk dərs “ Yaşıl dünya naminə həmrəylik”  mövzusunda idi. Maraqlı təqdimatdan sonra müəllim uşaqlara mövzu ilə bağlı tapşırıqlar verdi. Birincilər həvəslə işə başladılar. Dərs müddəti bitdi və yorğunluğa baxmayaraq uşaqların üzündə xoşbəxt təbəssüm görünürdü. Onlar sabah yenidən doğma məktəbə gələcək və hər gün yeni biliklərə yiyələnəcəklər. Uğurlar, əziz 1-cilər!

Video təqdimat aşağıdakı linkdə 

Müəllim olmağımla qürur duyuram