Ssenarilərim

Dəyərli izləyicilərim!

Bloqumun bu səhifəsində hər bir sinif müəlliminə gərəkli olan ssenarilər yerləşdirməyi nəzərdə tutmuşam.
Buyurun, baxın və istifadə edin. Bu ssenariləri əsasən özüm yazdığım üçün xahiş edirəm ki, müəlliflik hüququm qorunsun. Yəni dərslərinizdə istifadə edə bilərsiniz, amma müsabiqələrdə hər hansı hissənin istifadəsinə belə icazə verilmir.

Uğurlar, əziz müəllimlər!

Dilşad Şeyxzadə

Ssenariləri video formatda yerləşdirəcəyəm. Aşağıdakı video 15 Sentyabr Bilik Gününün ssenarisidir.
Bu videoresursun PP variantı var. Prezentasiyada adları dəyişmək olar, öz əlavələrinizi artıra bilərsiniz və s. Esas əlbəttə ki, ideyadır. İRƏLİ!

videonu buradan izleyin














"9 Noyabr Dövlət Bayragı Günüdür" tədbiri üçün ssenari

Bu ssenari üzrə tədbirin giriş hissəsini təşkil etmək olar. Bunun üçün bayrağın rənglərinə uyğun parça və ya rəngli kağızdan istifadə etmək lazımdır. Hər rəngin rəmzinə uyğun şeirlər verilir. Şagirdlər əllərində bayrağın rənginə uyğun parça və ya rəngli karton kağız tutaraq öz şeirlərinin təqdim edirlər.

Göy rəng:1-ci şagird:  -OT KÖKÜ ÜSTƏ BİTƏR,
                                      DEYİB ATALARIMIZ,
                                      GÖY RƏNG TÜRKÇÜLÜYÜMÜZ!

               2-ci şagird: -   TÜRK SOYLUDUR KÖKÜMÜZ,
                                       GÖY TÜRKLƏRDƏN YARANMIŞ
                                       TÜRK ƏSİLLİ XALQIQ BİZ!

Qırmızı rəng: 1-ci şagird: - AL ŞƏFƏQDƏN YARANMIŞ
                                            MÜSTƏQİLLİK GÜNƏŞİ,
                                            QOY BÜRÜSÜN HƏR YANI
                                            AZADLIĞIN ATƏŞİ!

                    2-ci şagird: -   QIPQIRMIZI BOYAYAN
                                            ODUR BAYRAĞIMIZI
                                            İNKİŞAFA APARAN
                                            DEMOKRATIYAMIZI!  

Yaşıl rəng: 3-cü şagird:   OT YAŞIL, ÇƏMƏN YAŞIL,
                                         YAŞIL HƏYATIN ÖZÜ,
                                         İSLAM DİNİNİN RƏMZİ.

                  4-cü şagird: -  DİNİMİZ, İMANIMIZ
                                         ODUR ETİQADIMIZ!

                  Aypara:  -     BU DA BİZİM AYPARA,
                                       AY PARÇASI, AY PARA!
                                       SƏMAVİ QONAĞIMIZ,
                                       DÖVLƏTİMİZ, VARIMIZ

                    Ulduz: -      BU ULDUZA BAXIN SİZ,
                                       BİZƏ OLUBDUR ƏZİZ.
                                       GÜNƏŞDİR, ULDUZ DEYİL,
                                       SƏKKİZ GUŞƏSİ SEHR!

                 7-ci şagird- BAXIN, MƏNİM BAYRAĞIM
                                      GÖR NECƏ YARAŞIQDIR!
                                      BAŞI UCA, GÖYLƏRDƏ
                                      ŞƏFƏQ SAÇAN İŞIQDIR!

                8-ci şagird: -DALĞALAN, DALĞALAN,
                                     EY UCA BAYRAQ!
                                      BƏSLƏYİB GÖZLƏR ÜSTƏ SƏNİ
                                      QORUYAQ!
                                      KOR OLSUN DÜŞMƏNLƏR SƏNİ
                                      GÖRƏNDƏ,
                                       YAŞA, VAR OL HƏR AN ORDU
                                      ÖNÜNDƏ!
                 9-cu şagird: - DÜNYƏVİ DÖVLƏTİK BİZ,
                                      XOŞBƏXTLİKDİR RƏMZİMİZ.
                                      SÜLHSEVƏRDİR XALQIMIZ,
                                      MƏRDLİKDİR AMALIMIZ!
 10-cu şagird (əsgər paltarında): -
                                                 QOYMARIQ ƏLDƏN GETSİN
                                                  BİR QARIŞ TORPAĞIMIZ,
                                                  İGİDLİKDİR ANDIMIZ
                                                  BİRLİKDİR SİLAHIMIZ!

                           XORLA: -  BİZ BİRLİKDƏ GÜCLÜYÜK!
                                              UCALSIN BAYRAĞIMIZ!

Bu çıxışların ardınca mahnı səsləndirmək olar. 

Şeirlərin müəllifi D. Şeyxzadədir

29 oktyabr 2017-ci il


                                          "Payızın mahnısı"


Uşaqlar üçün səhnəciklərdə çox zaman karaoke lazım olur. Buna görə də düşündüm ki, "Payızın mahnısı" üçün karaoke hazırlayım. Əslində bu mahnının sözlərini 15 ildən çoxdur ki, yazmışam. Sinif səhnəciklərində də uğurla ifa edilib. Bəyəndinizsə, buyurun siz də istifadə edin. Sonra ssenarini bütünlüklə dərc edəcəyəm.


                   
                    Yeni il ssenarisi. 01 dekabr 2016-cı il.21:17
İştirak edir: Dəniz quldurları(piratlar) və onların başçısı, Kirpi, Dovşan, Tülkü, Canavar, Ayı, Qar qız, Sehrli Pəri, Yeni il, Şaxta baba
Rəqslər:  Qar dənəciklərinin rəqsi, Santaların rəqsi
Mahnilar: Piratların mahnısı, Yeni il mahnısı, Gözəl Vətən mahnısı
                                   I hissə
Sinif bəzənmişdir. Şən musiqi səslənir.Bu zaman pirat (dəniz quldurlarının başçısı) səhnəyə çıxır və deyir:
-Ha, ha, ha! Uşaqlar şənlik keçirmək istəyirlər. Yox, qoymaram! Mən sizin Yeni ilinizi oğurlamışam! O mənim gəmimdədir. Əlimdən ala bilməzsiniz! Yeni il şənliyiniz olmayacaq!
Dəniz qulduru fit çalır, dostlarını çağırır. Onlar gəlir və “Piratlar” mahnısını oxuyurlar,rəqs edirlər. 




Sonra başçı quldur deyir:
-         -Ha, ha, ha, ha!!! İndi gedək bir az yatım,dincəlim, yaman yorulmuşam. Sonra isə uzaq səfərə çıxmalıyıq! Haydı, uşaqlar, ardımca!
Piratlar gedirlər.
                                   II hissə
Səhnəyə Kirpi və Dovşan gəlir.Dovşan deyir:
-Kirpi qardaş, eşitdin? Quldurlar bizim Yeni ilimizi oğurlayiblar.Bəs indi biz neyləyəcəyik? ( Ağlayır)
Kirpi deyir:
-Heç narahat olma, a dovşan qardaş.İndi bir şey fikirləşərik.
Kirpi o tərəf bu tərəfə var-gəl edir.
Bu zaman Tülkü ilə Canavar səhnəyə çıxır. Onlar Dovşana hücum edir.Dovşan qaçmaq istəyəndə Kirpi onu müdafiə edir.
-Dayanın! Adam özündən balacaları incitməz! Gücünüz çatırsa gedin quldurların əlindən Yeni ili xilas edin!
Tülkü ilə Canavar ikisi də birdən deyir: - Yeni ili? Yeni ilə nə olub?
Bu zaman Ayı nərildəyə-nərildəyə səhnəyə daxil olur.O deyir:
-Bu nə səs-küydür salmısınız?! Yatmağa da qoymadınız! İndi sizi parçalayacağam!!!
Heyvanlar qorxub qaçmaq istəyirlər. Amma Kirpi qorxmur. O, irəli gəlib deyir:
-Hörmətli Ayı qardaş, sən bizim meşədə hamıdan böyüksən, güclüsən. Sən bizə kömək edə bilərsən.
Ayı: - Nə olub sizə?
Kirpi: -Bizə yox. Yeni ilimizi xilas etmək lazımdır. Quldurlar onu oğurlayıblar.
Ayı başını qaşıya – qaşıya deyir: -Hə....Əlbəttə mən sizə kömək edərəm. Verin o quldurları mənə parçalayım!
Heyvanlar deyirlər: - Axı, biz bilmirik onlar harada gizləniblər.
Bu zaman Qar qız və Sehrli  Peri gəlirlər. Onlar salamlaşırlar: - Salam, dostlar!
Qar qız deyir: - Niyə burada durmusunuz? Axı bizi uşaqlar gözləyir. Yeni il şənliyidir!
Dovşan irəli çıxıb ağlayaraq deyir:
-Gözəl Qar qız, Sehrli Pəri, biz bu şənliyə gedə bilmərik.
Kirpi də deyir:
-Çünki Yeni ilimizi dəniz quldurları - piratlar oğurlayıblar.
Qar qız Sehrli Pəriyə baxıb deyir: - Sehrli Pəri, indi biz nə edək?
Sehrli Pəri deyir: - Mən bilirəm nə etmək lazımdır!
O, Qarqızın qulağına nə isə pıçıldayır. Sonra deyir: - Gəlin gedək.
Qarqız da deyir: - Hə, gəlin gedək!
                                     III hissə
Qar qız və Sehrli Pəri şənliyə gəlirlər. Uşaqlar onları görüb əl çalırlar.Qar qız deyir:
-Əziz və sevimli uşaqlar! Bilirsiniz nə olub?
Uşaqlar: - Nə olub?
Qar qız: - Yeni ili dəniz quldurları oğurlayıb. Amma mən bilirəm nə etmək lazımdır. Biz gərək şənliyimizi elə keçirək ki, quldurlara da maraqlı olsun. O zaman onlar özləri bizim şənliyimizə gələcəklər. Əvvəlcə gəlin birlikdə “ Şaxta baba” mahnısını oxuyaq və sonra Şaxta babanı çağıraq.
Uşaqlar “Şaxta baba” mahnısını oxuyurlar.Qar qız deyir: - İdi gəlin Şaxta babaya şeirlər də söyləyək ki, tez gəlsin.
Uşaqlar şeirlər söyləyirlər.
Sehri Pəri deyir: - İndi isə qar dənəcikləri gəlsin!
Qar dənəciklərinin rəqsi səslənir, qızlar rəqs edirlər.
Sonra Qar qiz deyir: - Uşaqlar, Şaxta babanı çağırmaq vaxtıdır. Gəlin birlikdə onu səsləyək.
Xorla: - Şaxta baba, şaxta can! Hardasan bu vaxtacan!
Şaxta baba gəlir və deyir:
-Salam, əziz uşaqlar! Bayramınız mübarək! 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Hamınızı təbrik edirəm!
                                     IV hissə
Uşaqlar vətən mövzusunda şeirlər söyləyirlər. “ Gözəl Vətən” mahnısını oxuyurlar.
Sonra Santaların rəqsi ifa edilir.
Bu zaman quldur səhnəyə çıxıb deyir:
-Uşaqlar, nə maraqlıdır şənliyiniz! Mən sizin səsinizdən heç yata da bilmədim. Olar ki, mən də burada iştirak edim?
Uşaqlar: - Yeni ilimizi qaytar bizə! Qaytar!
-         Söz ver ki, heç vaxt heç kimə pislik etməyəcəksən!
Quldur: - Yaxşı, yaxşı...Söz verirəm ki, bu il heç kimə pislik etməyəcəyəm.
Quldur gedir. Yeni il gəlir və deyir:
-Salam, uşaqlar! Sizi görməyimə çox şadam! Yeni iliniz mübarək! Hamınıza can sağlığı və bütün dərslərinizdən əla qiymətlər almağı arzulayıram. Arzu edirəm ki, hər zaman belə qoçaq və şən olasınız!
Sehrli Pəri deyir: - Uşaqlar, gəlin birlikdə “Yeni il” mahnısını oxuyaq!
Uşaqlar Yeni il mahnısını xorla oxuyurlar.
Şənlik davam edir.
                                            Son.
                                     01.12.2016 il/21:17
                               Müəllif Dilşad Şeyxzadə




"Qiymətlərin" səhnəciyi

İştirak edir:
Qimətlər - "5", "4", "3", "2" rəqəmləri tutmuş və ya plakatları sinəsindən  asılmış şagirdlər və
"Əlaçı" plakatı olan şagird

Səhnəyə "5" rəqəmi tutmuş şagird daxil olur və deyir:
- Ən əla qiymətəm mən,
Möhkəm, dəqiq biliyə
Ən doğru qiymətəm mən.
Çalışqan uşaqlara
Dövlətəm, zinətəm mən!

"4" rəqəmi tutmuş şagird birinci şagirdin yanına gəlib deyir:
- Yaxşıların yaxşısı
"Yaxşı" qiymət mənəm, mən!
Bir az da çalışaram,
"Əla" qiymət olaram.
Beşlərlə yaxın dostam,
Sözdə doğru-dürüstəm!

"3" rəqəmi tutmuş şagird gəlib "4"-ün yanında durur və deyir:
- Sevirəm tənbəlləri,
Əl çəkmərəm onlardan!
Bütün "kafi" işləri
Tanıyıram yaxından.
Adımın düz önündə
Qeyri sözü yazsanız,
Mənim yaxın dostumu
Çagırmış olarsınız.
Dostum, tez ol, gəlsənə,
Danışıb, dillənsənə!

"2" rəqəmi tutmuş şagird utana-utana gəlir və deyir:

- Nə danışım, bilmirəm,
Nə söyləyim, bilmirəm,
Heç nə, heç nə bilmirəm...
Heç bilmək istəmirəm!
Odur, gəlir "Əlaçı",
Buralardan tez qaçım!

Bunu deyib arxaya çəkilir. Bu zaman "Əlaçı" yazısı tutmuş bir şagird səhnəyə daxil olur və deyir:

- Əməyi çox sevirəm mən,
Zəhmətdən çəkinməyirəm.
"3"-ü qiymət saymıram,
Onu heç vaxt almıram.
(Bu zaman "3" qiyməti çəkilib gedir "2"-nin yanına)
Sizə deyim, mən "4"ə
Yanaşıram hörmətlə.
(Bunu dedikdə əlini "4"-ün çiyninə qoyur. Sonra keçir "5"-in yanında durur və onun əlindən tutur.)
Ancaq bütün dərslərdən
"5" almağı sevirəm,
Gündəliyimdə ona
Üstünlüyü verirəm.
Odur ki, əlaçıyam,
Dəstəmizə başçıyam.
Hər sinfə fəxr olaram,
Belə şagird olmağı
Sizə də arzularam!

Sonra bütün iştirakçılar birlikdə mahnı oxuyurlar. Bu mahnının  musiqisi "Biz mehriban ailəyik" ( karaokesi YouTube de var) mahnısının musiqisidir. 
   Mahnının sözləri:
             I
İki qiymət almaram mən,
Üçü yaxın qoymaram mən,
Qiymətlərim yalnız beşdir!
Biz əlaçı şagirdlərik,
Biz əlaçı şagirdlərik,
Gəlin dostlar deyək-gülək
Hər gün dərsə hazır gələk,
Başımızı uca edək,
Beşlərimizlə fəxr edək!
                II
 Tənbəllik etmərəm heç vaxt,
Başım uca olar hər vaxt,
Şərəf lövhəsi yerimdir!
Biz əlaçı şagirdlərik,
Biz əlaçı şagirdlərik,
Gəlin dostlar deyək-gülək!
Hər gün dərsə hazır gələk,
Başımızı uca edək,
Beşlərimizlə fəxr edək!



30 aprel 2000-ci il
Dilşad Şeyxzadə

       


                                           "Meyvələrin söhbəti"

M.Füzulinin "Söhbətül-əsmar" əsərinin tərcümə olunmuş nəsr nümunəsi olan "Meyvələrin söhbəti" hekayəsinin əsasında 15 il əvvəl işləyib yazmışam. Pp təqdimatını isə hardasa 5 il əvvəl hazırlamışdım. Kinostudiya proqramında isə yeni hazırladım.  Düşünürəm ki, nəzmlə yazılmış bu əsəri səhnələşdirmək də olar. Kiçik yaşlı məktəb uşaqlarının dilinə yatımlı bir tərzdə olduğu üçün həm də yaddaqalandır. Buyurun, baxın, dəyərli həmkarlar, hörmətli valideynlər və əziz uşaqlar.
Buradan izləyin



15 Sentyabr Bilik Günüdür
Ssenarini buradan izləyinSsenari


















2 комментария: