суббота, 11 июня 2022 г.

“ Suraxanı” gəmi- muzeyində

 Dərs ilinin sonunda 102 nömrəli məktəbin 2A sinfi ilə “Suraxanı” gəmi-muzeyinə ekskursiyaya getdik. Desək ki, maraqlı idi, azdır. Çooooxxx maraqlı idi! Bilirsinizmi, belə gəmi- muzey dünyada ilk muzeydir. “ Suraxanı” gəmisi vaxtilə nəhəng tanker olub. Tanker neftdaşıyan gəmi deməkdir. Muzeyin bələdçisi ilə gəmiyə daxil olduğumuz ilk andan gördüyümüz hər şey qeyri-adi, möcüzəli idi. İlk növbədə bizi gəminin kapitanı qarşıladı.Bizi salamlayıb,özü  haqqında məlumat verdikdən sonra sözü baş köməkçiyə verdi. Kapitanın baş köməkçisi də bizi gülərüzlə qarşılayıb salamlaşdı və gəmini seyr etməyə dəvət etdi. Deyəcəksiniz ki, burada qeyri-adi nə var ki? Qeyri-adi olan kapitan və onun köməkçisinin virtualda olması idi. Bəli, onlar canlı olmasalar da, yüksək kompüter texnologiyası canlı effekti əks etdirirdi. Sonra uşaqlar tonlarla ağırlığı olan əsl lövbər, bir qrup insanlar üçün xilasedici dairə ( bir həftəlik su və ərzaq paketi ilə),  xilasedici və qoruyucu kombinezon geyinmiş manikenlər, müxtəlif ölçülü qədim mayaklar, gəmilərin təmiri üçün dok və doka qaldırılma maketi və digər eksponatlarla tanış oldular. Gəminin bir seksiyasından digərinə keçdikcə marağımız daha da artırdı. Burada nələr yox idi! Müxtəlif tankerlərin maketləri, gəmilərin kompüter vasitəsilə idarə edilməsi, hətta virtual eynəklər də var idi. Bu eynəkləri gözə taxdıqda maşın hissəsində hərəkət edən  motoristləri canlı kimi görmək olurdu. Ən maraqlısı isə panoramalı muzey seksiyası idi. Burada vətənimizin tarixi, onun inkişaf dinamikası, soyqırımlar,  düşmənin vurduğu ziyan və  müharibələrə baxmayaraq ölkəmizin bir çox sahələrdə elmi texniki inkişafı və qalibiyyəti əks olunmuşdur.

Gəmi- muzey ekskursiyasından  çox məmnun olan şagirdlərimlə doğma məktəbə qayıtdıq.Ekskursiyanı təşkil edən “Məktəbli turları”na, menecer Səbinə xanıma, bələdçi Mələk xanıma sinif adından öz təşəkkürümüzü bildiririk.


























среда, 1 июня 2022 г.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 Hər bir uşaq qayğıya möhtacdır. Sevgi və qayğı ilə böyüdülən uşaqlar xoşbəxt olurlar. Xoşbəxt uşaq - gələcəyin uğurlu insanıdır. Uğurlu və özgüvənli insanlar düzgün qərarlar verə bilir. Onlar dünyanı yaxşılığa doğru dəyişdirə bilir. Dünyamızı qorumaq məhz belə insanların əlindədir. Buna görə də gəlin uşaqları xoşbəxt böyüdək! 

Bayramınız mübarək, əziz uşaqlar! 

102 nömrəli məktəbin 2A sinfinin tədbiri















суббота, 21 мая 2022 г.

102 nömrəli məktəbdə iməcilik

 2022-ci il mayın 21-i məktəbimizdə ibtidai siniflər üzrə iməcilik keçirildi. İməcilikdə mənim 2A sinfim də həvəslə iştirak etdi. Uşaqlar, valideynlər yorulmadan işlədilər. Əvvəlcə  məktəbyanı sahədə torpağı yumşaltdıq. Sonra oraya gül toxumları səpdik. Külək toxumları aparmasın deyə, onların üstünü torpaqla örtüb suladıq. 

Uşaqlar ağacların dostları olan quşları da unutmadı. Əvvəlcədən quşlar üçün evcik hazırlamışdılar. Bu gün həmin evcikləri ağacdan asmaq vaxtı idi. Valideynlərin köməyi ilə bu işin də öhdəsindən gəldilər. 

Məktəbimizin həyəti daha da gözəlləşdi. Uşaqlar özlərini təbiətisevənlər adlandırdılar. Bu işi davam etdirəcəklərinə 












суббота, 2 апреля 2022 г.

2 Aprel Beynəlxalq Uşaq Kitabı Günüdür

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Mərkəzi Kitabxanada "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü" adlı tədbir təşkil etdi.

Tədbirdə Binəqədi rayon 102 saylı tam orta məktəbin 2 "a" sinif şagirdləri və sinif müəllimi Dilşad Şeyxzadə iştirak etdilər. 

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova kiçikyaşlı məktəbliləri Uşaq şöbəsi ilə yaxından tanış etdi. Məktəblilərə şöbədə yaradılan "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü" başlıqlı sərgi və sərgidə yer alan maraqlı uşaq ədəbiyyatları haqqında məlumat verildi. Məktəblilərə  "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü"nün tarixi haqqında ətraflı məlumat verildi. Qeyd edildi  ki, uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsi məşhur danimarkalı nağılçı Hans Kristian Andersenin 1805-ci il aprelin 2-də  anadan olması ilə bağlıdır. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına onun problemlərinə cəlb etməkdir. 

Tədbirdə məktəblilər müxtəlif müəlliflərin kitablar haqqında yazılan  "Özümüz oxuyarıq", "Dostum", "Küsən kitab", "Kitab", " Qız və kitab", "Şəkilli kitab" şeirlərini və sinif müəllimi D.Şeyxzadənin yazdığı "Kitablar" adlı şeiri söylədilər. Tədbirdə balaca məktəblilərin çəkdikləri kitab rəsmləri və hazırladıqları əlfəcinlər nümayiş olundu. Məktəblilərin  kitab haqqında oxuduqları mahnı tədbirə xüsusi gözəllik qatdı. 

Tədbirin sonunda məktəblilər Uşaq şöbəsinin məktəbli oxucu qrupuna üzv yazıldılar. 

Tədbirin məqsədi məktəbli oxuculara "2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü" haqqında məlumat vermək və rəngarəng uşaq ədəbiyyatları ilə tanış etmək oldu.

“Kitablarla dostam mən”