четверг, 8 ноября 2018 г.

İnteraktiv səhnə və ya Dövlət Pantomima Teatrının uğurlu repertuarı.

Hər bir müəllim öz işinə yaradıcı yanaşır. Bu o deməkdir ki, müəllim hər zaman axtarışdadır, öz işinin peşəkarı olan hər bir mütəxəssis kimi.
  Bu yaxınlarda müəllim həmkarım öz sinfini teatra aparacağını dedi və mənə də bu təklifi etdi. Söhbət Pantomima Teatrından gedirdi. Şagirdlərimə maraqlı olacağını şübhə altına alsam da, teatra həvəs üstün gəldi və mən də bu təkliflə razı olub ekskursiyanı təşkil etdim. Əlaqə saxlayıb tamaşa haqqında ətraflı məlumat topladım. Çox sevindim ki, tamaşanın mövzusu bizim Həyat bilgisindəki dərslərimizlə üst üstə düşür. Yəni, Sağlamlıq və təhlükəsizlik məzmun xətti üzrə 4.2.1  və 4.3.1. məzmun standartlarının reallaşdırılmasına zəmin yaradır. Nəhayət, bu tamaşaya baxmaq üçün 3A sinfimlə Dövlət Pantomima Teatrına yollandıq.
  Tamaşanın adı " Fəlakət və insan"dır. İdeya müəllifi xalq artisti Bəxtiyar Xanı-zadə, quruluşçu rejissoru Bəhruz Əhmədli olan bu maraqlı və maarifləndirici, eyni zamanda əyləncəli tamaşa ekstremal situasiyalarda davranış qaydaları və sağlamlığın qorunması haqqında bilik və bacarıqlar formalaşdırmaq məqsədi daşıyır. Maraqlısı odur ki, səhnə situasiyaya uyğun olaraq gah adi otaq, gah sinif otağı, gah da təbiətin bir guşəsi olur. Bütün bu dəyişikliklər sadə dekorasiya ilə, yalnız aktyorların oyun məharəti, hərəkətləri, jestləri ilə baş verir. Əlbəttə ki, tamaşanı canlandıran və ona rəngarənglik verən musiqi tərtibatı haqqında danışmamaq olmaz. Yeri gəlmişkən, musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyevdir.
Tamaşa haqqında çox danışmaq olar, amma ona baxmaq daha yaxşı olar. Buna görə də dəyərli həmkarlar, hörmətli valideynlər, yığışıb uşaqlarınızı bu tamaşaya mütləq aparın. Uşaqlar əylənərək, oynayaraq zəruri həyati bacarıqlar qazanacaqlar.
  Çox istəyirəm ki, bu mövzunu daha da genişləndirərək yol hərəkəti, nəqliyyatda davranış qaydaları kimi zəruri bacarıqlar formalaşdıran bu cür, interaktiv səhnələrlə Pantomima Teatrı  kiçikyaşlı məktəbliləri maarifləndirsin. Bu, yalnız pantomimadan  da ibarət olsa uşaqlar üçün maraqlı olacağına əminəm.  Belə  tamaşalara bizim hər zaman ehtiyacımız var.
    Tamaşaya görə öz adımdan və sinfimin şagirdləri, valideynləri adından təşəkkür edirəm, uğurlar arzulayıram!
Tamaşa şagirdlərimizin gözü ilə. Daha ətraflı









Комментариев нет:

Отправить комментарий