суббота, 11 июня 2022 г.

“ Suraxanı” gəmi- muzeyində

 Dərs ilinin sonunda 102 nömrəli məktəbin 2A sinfi ilə “Suraxanı” gəmi-muzeyinə ekskursiyaya getdik. Desək ki, maraqlı idi, azdır. Çooooxxx maraqlı idi! Bilirsinizmi, belə gəmi- muzey dünyada ilk muzeydir. “ Suraxanı” gəmisi vaxtilə nəhəng tanker olub. Tanker neftdaşıyan gəmi deməkdir. Muzeyin bələdçisi ilə gəmiyə daxil olduğumuz ilk andan gördüyümüz hər şey qeyri-adi, möcüzəli idi. İlk növbədə bizi gəminin kapitanı qarşıladı.Bizi salamlayıb,özü  haqqında məlumat verdikdən sonra sözü baş köməkçiyə verdi. Kapitanın baş köməkçisi də bizi gülərüzlə qarşılayıb salamlaşdı və gəmini seyr etməyə dəvət etdi. Deyəcəksiniz ki, burada qeyri-adi nə var ki? Qeyri-adi olan kapitan və onun köməkçisinin virtualda olması idi. Bəli, onlar canlı olmasalar da, yüksək kompüter texnologiyası canlı effekti əks etdirirdi. Sonra uşaqlar tonlarla ağırlığı olan əsl lövbər, bir qrup insanlar üçün xilasedici dairə ( bir həftəlik su və ərzaq paketi ilə),  xilasedici və qoruyucu kombinezon geyinmiş manikenlər, müxtəlif ölçülü qədim mayaklar, gəmilərin təmiri üçün dok və doka qaldırılma maketi və digər eksponatlarla tanış oldular. Gəminin bir seksiyasından digərinə keçdikcə marağımız daha da artırdı. Burada nələr yox idi! Müxtəlif tankerlərin maketləri, gəmilərin kompüter vasitəsilə idarə edilməsi, hətta virtual eynəklər də var idi. Bu eynəkləri gözə taxdıqda maşın hissəsində hərəkət edən  motoristləri canlı kimi görmək olurdu. Ən maraqlısı isə panoramalı muzey seksiyası idi. Burada vətənimizin tarixi, onun inkişaf dinamikası, soyqırımlar,  düşmənin vurduğu ziyan və  müharibələrə baxmayaraq ölkəmizin bir çox sahələrdə elmi texniki inkişafı və qalibiyyəti əks olunmuşdur.

Gəmi- muzey ekskursiyasından  çox məmnun olan şagirdlərimlə doğma məktəbə qayıtdıq.Ekskursiyanı təşkil edən “Məktəbli turları”na, menecer Səbinə xanıma, bələdçi Mələk xanıma sinif adından öz təşəkkürümüzü bildiririk.


























среда, 1 июня 2022 г.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 Hər bir uşaq qayğıya möhtacdır. Sevgi və qayğı ilə böyüdülən uşaqlar xoşbəxt olurlar. Xoşbəxt uşaq - gələcəyin uğurlu insanıdır. Uğurlu və özgüvənli insanlar düzgün qərarlar verə bilir. Onlar dünyanı yaxşılığa doğru dəyişdirə bilir. Dünyamızı qorumaq məhz belə insanların əlindədir. Buna görə də gəlin uşaqları xoşbəxt böyüdək! 

Bayramınız mübarək, əziz uşaqlar! 

102 nömrəli məktəbin 2A sinfinin tədbiri