четверг, 31 мая 2018 г.

Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda

31 may 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.X.Axundzadə adına 102 nömrəli məktəbin 2"a" sinif şagirdləri Qala Dövlət Tarix- Etnoqrafiya Qoruğuna ekskursiyaya getdilər.
Açıq səma altında yerləşən bu tarix muzeyində uşaqlar xalqımızın keçmişi
, qədim adət- ənənələri, gündəlik yaşayış tərzi ilə tanış oldular. Həmçinin bu ərazidə tapılan arxeoloji qazıntıları gördülər, bələdçinin verdiyi ətraflı məlumatı dinlədilər.
Uşaqlar qoruqda saxlanılan canlı heyvanlara da baxdılar. At, dəvə, ulaq, tülkü, dovşanı görmək uşaqların sevincinə səbəb oldu.
Qoruğun ərazisində yerləşən daha bir maraqlı muzeyin, Tullantılar muzeyinin eksponatlarını  uşaqlar və onların valideynləri maraqla izlədilər. 
Ekskursiya boyu SmarTravel Məktəbli Turlarının bələdçisi Mərufə xanım uşaqlarla ünsiyyət qurur, intellektual viktorinalar təşkil edir, şəkil çəkir ve qısa videoçəkilişlər edirdi.
Bu maraqlı və maarifləndirici ekskursiya uşaqların çox xoşuna gəldi. Hətta bu mövzuda inşa da yazdılar.





















четверг, 17 мая 2018 г.

Şüurlu oxu

 Bu gün Azərbaycan dili dərsində şüurlu oxu texnologiyalarından biri olan "Blum çiçəyi"ni tətbiq etdim.Dərs maraqlı alındı. Sinif 6 qrupa bölündü. Hər qrup sual çiçəyinin müəyyən ləçəyi üzrə işlədi . Doğrusu, uşaqların tərtib etdiyi  suallar mənim gözlədiyimdən də maraqlı və düşünülmüş oldu. Bu, çox sevindirici haldır. Demək mənim şagirdlərim düşünməyi öyrənirlər. Afərin, 2"a" !









пятница, 11 мая 2018 г.

понедельник, 7 мая 2018 г.

Təlim texnologiyaları: "Blum çiçəyi"

Bundan əvvəlki məqaləmdə şagirdlərdə sual vermək bacarığının öyrədilməsinin vacib aspektləri haqqında məlumat vermişdim. Düzgün sual verməyi öyrətmək üçün müxtəlif strategiya və üsulların mövcudluğunu qeyd etmişdim. Bu yanaşmalardan biri də Blum çiçəyi texnologiyasıdır.
Blum çiçəyi 6 ləçəkdən ibarət çiçək və hər ləçəyə uyğun suallardan ibarətdir. Bu suallar B.Blumun məşhur idrak taksonomiyası əsasında qurulmuşdur.Suallar sadədən mürəkkəbə doğru yönəlmişdir.


  1. Sadə suallar: Bu suallar əsasən faktoloji suallardır. Hafizəyə əsaslanır və faktların aşkarlanmasına yönəldilmişdir.
  2. Dəqiqləşdirici suallar: Adətən " Deməli, siz demək istəyirsiniz ki,..", " Mən sizi düzgün anladımsa.." kimi sözlərlə başlayır. Bu tipli sual nəzərdə tutulmuş, lakin söylənilməmiş məlumatı dəqiqləşdirmək üçün verilir.
  3. İzahedici suallar: "Nəyə görə?..." sualı ilə başlayır. Səbəb - nəticə əlaqələrini müəyyənləşdirmək üçün verilir. Əgər bu sualın cavabı məlumdursa, o sadə sual funksiyasını daşıyar. Bu sualı elə qurmaq lazımdır ki, görünən fakta əsaslanmasın.Cavab verən öz məntiqinə uyğun mülahizə irəli sürür.
  4. Dəyərləndirici suallar: Hər hansı hadisənin   qiymət meyarını müəyyən etmək, dəyərləndirmək məqsədi ilə  verilir. Məsələn, "Nə üçün ağıllı olmaq daha yaxşıdır?" və ya "Bir neçə dil bilməyə nə üçün dəyər verilir?"
  5. Praktiki suallar: Təcrübə və nəzəriyyənin əlaqəsini müəyyən etmək üçün verilir. Məsələn, "Gül toxumlarını necə əkmək olar? Bundan başqa bu və ya digər situasiyaya münasibəti aydınlaşdırmaq üçün, məsələn," Siz necə hərəkət edərdiniz? kimi sualları nəzərdə tutur.
  6. Yaradıcı suallar: Əsasən " Əgər hadisənin sonu belə olsaydı...", " Necə düşünürsünüz daha sonra nə olacaq?" kimi suallar verilməklə  proqnozlaşdırmaya təkan verilir. Məsələn, " Buzlaqlar ərisəydi, dünyada hansı dəyişikliklər olardı?"


  Birinci sinif şagirdlərindən başlayaraq müxtəlif yaş səviyyəli şagirdlər bütün növdən olan  sualların əhəmiyyətini başa düşür. İstənilən  yaşda uşaq hər bir sual növü üçün öz nümunələrini deyə bilər. Şagirdlər bu fəaliyyət növünü oyuna bənzədir ki, bu da anlamanın inkişaf faktorudur.Tənqidi təfəkkürün inkişafı texnologiyasında öyrənmə fəaliyyətini daha maraqlı və effektiv etməyə imkan verən bir çox strategiyalar  var.

İstifadə edilmiş ədəbiyyat: Н.В.Матренина. Использование приёмов «Тонкие и толстые вопросы» и «Синквейн» на уроках.
Tərcümə Dilşad Şeyxzadənindir












Uşaqlara düzgün sual verməyi öyrədək.

Bəzən sual vermək hazır cavablardan daha yaxşıdır.  (C. Terber)


Müxtəlif fənn müəllimləri şagirdlərin sual verə bilmədiyini qeyd edirlər. Daha doğrusu, şagirdlər yalnız sadə, faktlara əsaslanmış suallar verirlər. Ancaq əbəs yerə deyil ki, sual işarəsi bir balıq qarmağına bənzəyir. Deməli, onunla nəsə  tutmaq olar. Bu nə ola bilər? Əlbəttə ki, məlumat! 

Rus psixoloqu V.M. Snetkov belə qənaətə gəlmişdir ki,  "yaxşı bir sual", mümkün alternativlər üçün kifayət qədər böyük məkana imkan verir "- O, həmçinin sualların bir neçə funksiyasını göstərir:


  • Sualın köməyi ilə  yeni məlumat əldə etmək olar.
  • Düzgün sual verməklə məlumatı dəqiqləşdirmək mümkündür.
  • Suallardan istifadə edərək söhbəti  başqa bir səmtə yönəltmək olar.
  • Sualın köməyi ilə fikir bildirmək, mövqe nümayiş etdirmək mümkündür.
  • Düzgün verilmiş sual cavaba ipucu ola bilər.
  • Sualların köməyi ilə  həmsöhbətinizi istədiyiniz tempə, ahəngə yönəldə bilərsiniz.

Amerikalı intellekt tədqiqatçısı Joy Paul Guilford yazırdı: "Həyat- müxtəlif problemlərin müvcudluğu, onların həlli isə intellektual inkişafdır." Bununla razılaşmamaq çətindir, həyat hər kəsin qarşısında  öz suallarını qoyur. İdrakı fəaliyyətimizi bu problemlərin həllinə yönəldən də məhz suallardır.

Bir çox müəllimlər  şagirdlərin əqli fəaliyyətinin səviyyəsini onların verdikləri suallara görə müəyyən edirlər. İnsanların əksəriyyəti primitiv suallarla kifayətlənir.  Düşünülmüş suallar vermək bacarığı məhz elə bir vərdişdir ki, təlim prosesində buna daha çox diqqət  yetirilməlidir. Düzgün sual verməyi bacaran, belə bir bacarığı olmayana nisbətən  ətraf aləmə daha yaxşı uyğunlaşır.
Təlimdə yeni standartlar fərdi inkişafın, daimi özünütəhsilə hazır olmağın, məqsədlərə nail olmağın və onlara nail olmaq yollarını axtarmağa imkan verən  təlimin universal fəaliyyət növlərinin formalaşmasına yönəlmişdir.Tənqidi təfəkkürün inkişafına yönəldilmiş yeni təlim texnologiyaları bu işdə  müəllimə kömək etməyə hazırdır.
Tənqidi təfəkkür, məntiq baxımından məlumatları təhlil etmək, əsaslandırılmış həll yolları tapmaq və əldə edilmiş nəticələri standart və  qeyri standart  hallara, məsələlərə və problemlərə tətbiq etmək bacarığıdır. Bu təhsil texnologiyaları vasitəsilə  fərqli bir sual verməkdən qorxmamağı, çəkinməməyi uşaqlara öyrətmək mümkündür . Ancaq əvvəlcə suallar verməyə uyğun  şəraitin yaradılması  üçün bir neçə məsləhət.
         Düzgün  sual qoyuluşunu öyrətməyin vacib şərtləri
  • Əgər şagird sual verə bilmirsə, faciə etməyin. Bu normal bir vəziyyətdir - o, bir şagirddir, oxuyur. Ona kömək etmək üçün müəllim var.
  • Bir neçə düzgün cavabı olan və dialoqu uzada bilən yaradıcı sualları daha çox verin.
  • Sualları sanki heç kimə ünvanlanmayan "Yeri gəlmişkən, maraqlıdır ..." sözləri ilə başlamaq məsləhətdir.
  • Problemlərinizi şagirdlərinizlə bölüşə bilərsiniz, lakin yalnız real, icad olunmayanları.
  • "Niyə" sözü ilə başlayan, hətta müvafiq intonasiya ilə səsləndirilən suallar şagirdlərdə müdafiə olunmaq arzusu doğurur.

  • Şagirdlərə materialı öyrənməyə yönəldilmiş  sual bankını tərtib etməyə imkan yaradın.

        Sual vermək bacarığını inkişaf etdirmək üçün strategiya və üsullar


  • "Sual sözləri" strategiyası

Müəllimin tələbi ilə, şagirdlər iki sütundan ibarət olan bir cədvəldə sözlər yazırlar. Sağ sütunda tədqiq olunan mövzuyla əlaqəli anlayışlar, sol sütunda isə sual sözlərini yazırlar. Ən azı 8-10 söz. Bundan sonra şagirdlərə hər  iki sütundakı sözlərinin mənası ilə əlaqəli mümkün qədər çox suallar hazırlamaq üçün 5-7 dəqiqə vaxt verilir. İş fərdi və cütlərlə ola bilər.
Ən yaxşı işlər müəllim tərəfindən qeyd olunur.


  • Qalın və nazik suallar "

Bu texnika çox sadədir. İki sütundan ibarət cədvəl tərtib olunur.

Sol sütunda - qalın suallar: Cədvəlin bu sütununda daha  geniş, ətraflı cavabı olan açıq suallar yazılır. Məsələn, "Şəhər tikintisi üçün yer seçiminə hansı amillər təsir etmişdi?".
Sağ sütunda - incə suallar:Cədvəlin bu sütununda cavabları qısa, konkret,birmənalı olan suallar yazılır. Məsələn, "Hansı bayramı daha çox sevirsiniz?"
Bu üsul  aşağıdakı təlim şəraitlərində  istifadə olunur:

  •   Qarşılıqlı sorgu dialoqlarını modelləşdirməküçün.  Mövzuyla əlaqədar şagirdlər bir-birlərinə cədvəldə qeyd olunan 2-3 nazik və qalın suallar verirlər.
  • Yeni bir mövzunu elan edərkən ( motivasiya mərhələsində), şagirdlərdən mövzu ilə bağlı  yaranan müxtəlif suallar tərtib etmək  və onları cədvəlin müvafiq sütunlarına yazmaq xahiş olunur. Bu, müəllimdə  artıq mövcud olan məlumatın keyfiyyəti haqqında təsəvvür yaradacaq və yeni  mövzunu izah etmək üçün uyğun şərait yaratmağa  kömək edəcəkdir.
  • Mövzu başa çatdıqdan sonra uşaqlara tapşırıq verib nə qədər qalın və nazik sualların cavabsız qaldığını öyrənmək olar. Bu, müəllimə mövzunun hərtərəfli araşdırılmadığını və daha diqqətli bir araşdırmaya tələb olduğunu  aşkarlayacaq.
  •  "Sual çiçəyi""və ya" Blum çiçəyi "(Amerikalı psixoloq və pedaqoq Benjamin Blumun adı ilə)


İstifadə olunmuş ədəbiyyat:Ольга Лысова,20.03.2015
Учим детей задавать вопросы. Примеры и приемы работы
http://pedsovet.su/metodika/priemy/5669_kak_nauchit_detey_stavit_voprosy

http://evolkov.net/questions/Zagashev.I.Question.skill.html

Tərcümə Dilşad Şeyxzadənindir.