воскресенье, 9 ноября 2014 г.

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür


Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilmişdir.
Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.


среда, 5 ноября 2014 г.

Məktəblərdə dərs ili uzadıldı

Məktəblərdə dərs ili uzadıldı —  RƏSMİ

Məktəblərdə dərs ili uzadıldı — RƏSMİ

Tətil günlərində də dəyişiklik olunub
Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.
Dəyişikliyə əsasən ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər . 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr - 29 dekabr və 6 yanvar - 31 may olmaqla iki yarımilə bölünüb. Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilib
.http://www.olke.az/olke-2/mekteblerde-ders-ili-uzadildi-resmi-7749

суббота, 18 октября 2014 г.

18 Oktyabr - Dövlət Müstəqillik günüdür

Azərbaycan tarixi → 18 oktyabr - Dövlət müstəqillik günü


Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
1991-ci il... Meydanlar  kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz  əzəli və  əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirməküçün hər  şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü.  İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə  şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, "Konstitusiya Aktı" ilkin mərhələdə yalnız quru kağız olaraq
qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.
Referendum bülleteninə bir söz yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı"na tərəfdarsınızmı?" Səsvermə hüququ olanların 95%-i dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi  şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq
1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991),  İsveçrə (23 dekabr 1991),  İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.
Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət
və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən  əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.  İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas  İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır.

mənbə: Bayramlar və tarixi günlər
müəllif: Əkbər Qocayev