суббота, 27 сентября 2014 г.

Kitab oxumağın şagirdlərin inkişafına təsiri

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini

Şifahi və yazılı ünsiyyət şəxsiyyətin mühüm atributlarından olan mədəniyyətlərdir. Bunlar özündə dinləyib- anlama, danışma, oxu, yazı mədəniyyətlərini ehtiva edir. Biz gələcəkdə cəmiyyəti irəliyə apara bilən övladlarımıza bu mədəniyyətləri aşılamalıyıq. Bu mədəniyyətin aşılanması yollarından və vasitələrindən biri də mütaliədir. Təbii ki, müasir insan üçün son dərəcə zəruri olan bu bacarıqların formalaşdırılmasının ağırlıq mərkəzi daha çox məktəbin, təhsil müəssisələrinin üzərinə düşür.

Təhsil islahatları dövründə bu məsələlərin müzakirəsi həmişə gündəmdə olub və yeni təhsil proqramlarının (kurikulumların) hazırlanmasında metodoloji əsas kimi nəzərə alınıb. İstər Nazirlər Kabinetinin təsdiq etdiyi milli səviyyəli səriştələrdə (kompetensiyalarda), istərsə də siniflər üzrə standartlarda şagirdlərin oxu və yazı bacarıqlarını inkişaf etdirməklə onu dəyərə (oxu mədəniyyətinə, yazı mədəniyyətinə) çevirmək başlıca hədəf kimi müəyyənləşdirilib. Azərbaycan dili fənni üzrə "Oxu" və "Yazı", ədəbiyyat fənni üzrə "Ədəbiyyat və həyat", "Şifahi nitq", "Yazılı nitq" məzmun xətləri üzrə qruplaşdırılmış standartların başlıca funksiyası, məhz oxu və yazı bacarıqlarının formalaşdırılmasına xidmət göstərməkdən ibarətdir. Əgər digər fənlərin təlimi prosesindəki oxu və yazı fəaliyyətləri və şagirdlərin özlərinin müstəqil mütaliəsi də buraya əlavə edilmiş olarsa, o zaman yalnız ümumi təhsildə oxu və yazı mədəniyyətlərinin formalaşması üçün xeyli əlavə imkanların yaradıldığı aydın görünər.

Standartların reallaşdırılması, oradakı tələblərin yerinə yetirilməsi səviyyəsi müəllimin özünün tədris fəaliyyətini planlaşdırmasından, fəaliyyət kurikulumunu hazırlamasından çox asılıdır. O, buna nail olmaq üçün kurikulum və dərslik komplektini nəzərdən keçirməli, şagirdlərini standartların tələbinə uyğun inkişaf etdirmək üçün planlaşdırma aparmalı, oxu və yazı üzrə, o cümlədən mütaliə üçün zəruri hesab etdiyi müxtəlif üslublarda olan ədəbiyyatları müəyyənləşdirməlidir.


"Azərbaycan müəllimi" qəzeti

Комментариев нет:

Отправить комментарий