среда, 4 сентября 2019 г.

15 Sentyabr - Bilik Günüdür!

İlk dərs gününün şagirdlərin yaddaşında xoş təəssüratlarla, bayram əhvali-ruhiyyəsi ilə yadda qalması olduqca vacibdir.Buna görə də15 Sentyabr - Bilik Günündə hər bir müəllim öz sinfində təqdimat edir. Bu zaman uşaqlara əvvəlcədən şeirlər də vermək olar.
 Bu mövzuda bloqumun "Ssenarilərim" səhifəsində təqdimat da var. İndi isə müxtəlif illərdə yazdığım şeirləri sizinlə paylaşıram. Həmişə olduğu kimi müəlliflik hüququnun qorunması vacibdir.

               15 Sentyabr Bilik Günüdür
                           (Ssenari)

Müəllim: - Əziz uşaqlar! Siz bu gün ilk dəfə olaraq məktəbə gəlmisiniz. Bu gün hamınız əlinizdəki çiçəklər kimi gözəl görünürsünüz. Hər biriniz xoşbəxt və bir o qədər də həyəcanlı dəqiqələr yaşayırsınız. Bu andan etibarən sizin məktəb həyatınız başlayır. İndi siz artıq adi uşaqlar deyil, məktəblisiniz. Siz bu gündən şərəfli bir ad daşıyacaqsınız. Bilirsinizmi bu nə addır? 
Şagird! Bəli, siz artıq şagirdsiniz! Mən sizi şagird olmağınız münasibətilə ürəkdən təbrik edirəm. Bu şərəfli adı başıuca və fəxrlə daşımağı arzu edurəm. Arzu edirəm ki, hər biriniz çalışıb adi şagird deyil, yaradıcı, məsuliyyətli, intizamlı, mədəni, vətənpərvər, bir sözlə məktəbimizə və ən əsas da vətənimiz Azərbaycana layiq bir şagird olasınız.
 Əziz şagirdlər, əziz birincilər, 11 il davam edəcək maraqlı və unudulmaz məktəb həyatına xoş gəldiniz! Məktəb yollarında sizin bələdçiniz mən olacağam. Mən sizin ilk müəlliminizəm. Mənim adım ____ , soyadım_______ .
Sizə 4 il ərzində oxumağı, yazmağı, hesablamağı, məsələ həll etməyi, tədqiqat aparmağı, bundan başqa düşünməyi, dinləməyi, dostluq etməyi, öyrənməyi də öyrədəcəyəm. Bu çətin, amma maraqlı yolda sizin yaxın köməkçiləriniz olacaq. Onlar sizin dostlarınız, sizin ilk dərsliklərinizdir. Baxın, onlar sizin qarşınızdadır. Bu dərsliklər sizi səbirsizliklə gözləyirlər. Siz də, uşaqlar, çalışın ki, onlar həmişə belə səliqəli və gözəl olsun. Onları təmiz saxlayın.
Əziz uşaqlar, ilk dərs gününüzü bir daha təbrik edirəm!
( Uşaqların çıxışı)
1-ci şagird:
Salam, sevimli məktəb,
Xoş gördük, ey müəllim!
Görüşünə həvəslə
Gəlmişik bu gün sənin.
2-ci şagird:
Gözlərimizdə sevinc,
Əlimizdə tər güllər.
İlk övladlarınıq biz
Məktəb ana tək səslər.
3-ci şagird:
Məktəbliyəm bu gündən
Sevinir anam, nənəm.
Atam da "Əhsən!" deyir,
"Böyük oğlansan" deyir.
4-cü şagird:
Mən daha məktəbliyəm,
Oyuncağı neylərəm.
Kitabları sevirəm,
Oxumaq istəyirəm.
5-ci şagird:
Savadlı olmalıdır
Vətənimdə hər bir kəs.
İgidlər ölkəsində
Tənbəllər ola bilməz!
6-cı şagird:
Mən bu gündən şagirdəm,
Bununla fəxr edirəm!
Mən Vətənimə layiq
Olmağa and içirəm!
Xorla:  And içirik, and içirik, and içirik!
- 102 nömrəli məktəbin ən nümunəvi şagirdi olmağa and içirik!
Xorla: And içirik!
- Vətənimizə, xalqımıza layiqli vətəndaş olmağa and içirik!
Xorla: And içirik!
- Vətənimizin adını daha da ucaltmağa and içirik!
Xorla: And içirik! And içirik! And içirik!
Müəllim:
Xoş gəldiniz məktəbə,
Siz ey körpə balalar.
Altıyaşlısız daha,
Zəkası nur balalar.

Oxumağı, yazmağı,
Öyrədəcəyəm sizə.
"Ana" , "Vətən" kəlməsin
Sevdirəcəyəm sizə.
Elmin yolu bir zirvə,
Zirvəyə gedən yolu
Göstərəcəyəm sizə.

Bu maraqlı aləmdə,
Bu sirli kəhkəşanda,
Sizə nə arzulayım?
Yalnız müvəffəqiyyət,
Böyük səbr və zəhmət,
Çoxlu- çoxlu uğurlar,
Günəş nurlu sabahlar,
Bir də ki, can sağlığı,
Ata-ana varlığı!

(29 avqust 1999; 08 sentyabr 2012)

Комментариев нет:

Отправить комментарий