воскресенье, 20 декабря 2020 г.

Tullantılardan maraqlı oyuncaqlar

Həyat bilgisi dərslərində maraqlı tapşırıqlar olur. Belə tapşırıqlardan biri də tullantılardan oyuncaqların hazırlanmasıdır. 102 nömrəli məktəbin 1A sinif şagirdi Duyğu Xanhüseynli bu tapşırığı böyük həvəslə yerinə yetirdi. Baxın, görün necə gözəl oyuncaqlar alınıb. Afərin, Duyğu!







пятница, 11 декабря 2020 г.

“Heydərçilərik biz!”

Bu gün anım günü olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunur.

 “ Heydərçilərik biz!”

Sözləri pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin

Musiqisi ibtidai sinif müəllimi “ İlin müəllimi”(2011) müsabiqəsinin qalibi Dilşad Şeyxzadənindir 

https://youtu.be/h7zrpjqEMMU










вторник, 8 декабря 2020 г.

вторник, 1 декабря 2020 г.

1A sinfində onlayn dərslər

 02 noyabrdan artıq onlayn dərslərimizə davam edirik. Teams-ə qeydiyyat problemi də aradan qaldırılmışdır. İndi demək olar ki, bütün şagirdlərim Virtual məktəbdə komplektləşiblər. Dərslərin də səmərəliliyi artıb. Uşaqlar cavab vermək istədikdə “əl qaldırırlar”, bir-birinin sözünü kəsməməyə çalışırlar. Əlbəttə ki, hələ daha çox təkmilləşməyə ehtiyac vardır. Dərslərin səhər saat 8-də başlaması da, bir evdən bir neçə uşağın onlayn dərslərə qoşulması da bəzi problemlər yaratmağına baxmayaraq ümumilikdə dərsləri məqbul saymaq olar. Ən əsası şagirdlərimin üzündəki sevinc, onların dərsə həvəsidir. Demək ki, zəhmətimiz hədər getmir. 








среда, 11 ноября 2020 г.

Qələbən mübarək, Azərbaycan!



Qələbə gör necə də sənə yaraşır!



Bu gün zəfər günüdür, ucal bayrağım,

Fəxr etsin, sevinsin qoy Qarabağım!

Ayparalı ulduzlu mavi, al, yaşıl,

Qələbə gör necə də sənə yaraşır!


Ətrini duya billik xarı bülbülün,

Qayğısını çəkərik ağacın, gülün,

Təki sən dalğalan, ucal bayrağım,

Fəxr etsin, sevinsin qoy Qarabağım!


Ayparalı ulduzlu mavi, al, yaşıl,

Qələbə gör necə də sənə yaraşır!


Dalğalan Zəngilanda, ucal Ağdamda,

Yüksəl Qubadlıda, qədim Şuşada,

Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın

Xocavənd, Xocalı, Ağdərə baxsın,

Desin, nə gözəldir bayrağım mənim,

Haqqım var fəxr edim, qoy qürrələnim!


Təki sən dalğalan, ucal bayrağım,

Fəxr etsin, sevinsin qoy Qarabağım!

Ayparalı ulduzlu mavi, al, yaşıl,

Qələbə gör necə də sənə yaraşır!


Dilşad Şeyxzadə

10 noyabr 2020-ci il





воскресенье, 8 ноября 2020 г.

Şuşada dalğalanır üçrəngli bayrağımız!

 Şuşada dalğalanır üçrəngli bayrağımız

Bu günü həsrətlə gözləyirdik  hamımız

28 il yarım yarılırdı bağrımız,

Qatillərin tapdağı olmuşdu torpağımız,

Şuşasız qan ağladı gözəl Qarabağımız...




Nəhayət o gün gəldi, ucaldı bayrağımız,

Buxovları qıraraq azad oldu Şuşamız!

Çatdırdı murada döyüşən igid ordumuz,

Şuşada dalğalanır üçrəngli bayrağımız!


D. Şeyxzadə

08 noyabr 2020-ci il

суббота, 17 октября 2020 г.

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il keçir

 


Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il keçir.

 Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.


Mənbə: ölkə.Az

пятница, 16 октября 2020 г.

Xocalı soyqırımını törədənlər Gəncədə körpələri öldürür

 1992-ci ildə Xocalıda 613 nəfər dinc əhalini bir gecədə qətlə yetirən terrorçu Ermənistan hələ də etdiyi qanlı cinayətə görə cəzasız qalaraq indi də Azərbaycanın ikinci böyük şəhəri Gəncədə soyqırım törədir, günahsız körpələri, anaları öldürür. 28 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini mühasirəyə alıb dinc əhalını, o cümlədən qocaları, qadınları, körpələri atəşə tutan faşist ermənilər öz xislətlərini dəyişməyib 2020-ci il oktyabrın 16-dan 17-nə keçən gecə Gəncəni üçüncü dəfə bombardman edərək öz faşistliyini, terrorçu olduğunu sübut edib. Dünya ictimaiyyəti buna susmasın! Faşizmə son qoyulsun!







понедельник, 5 октября 2020 г.

Gələcəyi quranlar

       Müəllim! Bu adda nə qədər vüqar,

       Müəllim! Bu adda nə qədər nur var!

Doğrudan da, dünyada ən dəyərli və ən gözəl sənət müəllimlikdir. Əsl müəllimlərimiz nəcib, alicənab ziyalılarımız olmuşlar. Onların yolu ilə, onların qoyub getdikləri dəst-xətt ilə biz, müasir müəllimlər, öz üslubumuzu yaradırıq. Unutmaq olmaz ki, hər bir yenilik keçmiş təcrübəyə əsaslanır. 2011-ci ildə “İlin müəllimi” müsabiqəsinə qatılaraq qalib gəldiyim gün etdiyim təqdimatı heç vaxt unutmaram. Təqdimatımı bu sözlərlə yekunlaşdırmışdım: “Dünya dayanmadan dəyişir. Dünyanı dəyişdirən insanlar var. İnsanlar dünyanı yaxşılığa doğru dəyişir. Mən fəxrlə qeyd edirəm ki, dünyanı dəyişən insanlardanam!”

Bu gün dünyanı daha da gözəlləşdirən, dəyişən, gələcəyi yaradan müəllimlərin günüdür. Təbrik edirəm, əziz həmkarlar!

Təqdim etdiyim videoçarxda “ Mənim müəllimim” mahnısı səslənir. Mahnının sözləri əməkdar müəllim Səmagül Əliyeva, musiqisi D. Şeyxzadənindir. Mahnı 2015-ci ildə yaranmışdır. İlk dəfə İdrak liseyində təqdimat olunmuş və liseyin qəzetində də bu barədə məqalə dərc edilmişdi. Klipi isə yeni yaratdım. 






суббота, 3 октября 2020 г.

Qələbə ruhlu Vətən marşı





Böyük ruh yüksəkliyi ilə ordumuzun bugünkü qələbəsini qeyd edərək bu videoçarxı hazırladım. Burada səsləndirdiyim Vətən marşını çox illər əvvəl yazsam da, məhz bu gün təqdim edirəm. Bu münasibətlə Vətən marşının ən yaxşı ifaçısı müsabiqəsinə də start verirəm. Buyurun, dəyərli müəllimlər, öz şagirdlərinizlə müsabiqəyə qatılın və qalib gəlin. Uğurlar!

Qarabağ Azərbaycandır! 

Yaşasın azad Azərbaycan!


Vətən marşı

Musiqisi və sözləri Dilşad Şeyxzadənindir

Vətən! Vətən nədən başlanır?

Ana sözündən.

Vətən! Vətən nədən anlanır?

Doğma elindən, ana dilindən.

Vətən məni səsləsə,

Gedərəm!

Vətənimçün canımdan keçərəm!

Vətən mənə oğul desə,

Səs verərəm mən bu səsə

Vətənimçün canımdan keçərəm


Vətən! Vətən bizi bəsləyər,

Anadır Vətən.

Vətən! Çətin gündə səsləyər,

Haray verərəm,

Hər an deyərəm:

Vətən məni səsləsə

Gedərəm!

Vətənimçün canımdan keçərəm.

Vətən mənə oğul desə,

Səs verərəm mən bu səsə,

Vətənimçün canımdan keçərəm!

1999 - 2020





вторник, 29 сентября 2020 г.

Vətənpərvərlik kiçik yaşdan başlayır

 

Bu, Səfərdir. O, 102 nömrəli məktəbin 1-ci sinif şagirdidir. Səfər yaşıının az olmasına baxmayaraq çox düşüncəli və çalışqandır. Öyrənməyə böyük həvəs göstərir. Bu videoda Səfər Azərbaycan və Türkiyənin bayraqlarını qaldıraraq öz vətənpərvərlik hisslərini, arzularını təxəyyülünə uyğun  ifadə edir. Maraqlıdır ki, dediyi sözlər də, etdiyi hərəkət də öz təşəbbüsüdür. Bu da Səfərin kiçik vətənpərvər olduğunu göstərir. Afərin, mənim ağıllı şagirdim!


вторник, 15 сентября 2020 г.

İdrak liseyinin himni

 İdrak liseyi öz peşəkar, bacarıqlı idarə heyəti və mehriban kollektivi ilə mənim üçün ikinci bir doğma məktəb olmuşdur. Bu liseydə çalışdığım iki ilə yaxın vaxt həm də elə bir təcrübə mübadiləsi qazandım ki, bunu çox yüksək dəyərləndirirəm. Lisey öz ənənələri, pedaqoji yanaşmaları və tədris üsulları ilə seçilir. Liseyə imtahan verərək daxil olmuş yeni şagirdlərin “İdrakçılar”a qəbulu da artıq bir ənənəyə çevrilmişdir. Yeni qəbul olunmuş şagirdlər fəxrlə “İdrakçılar”ın formasını geyinərək liseyin himnini oxuyurlar. Qeyd edim ki, bütün lisey heyəti və şagirdlər mütləq hər səhər Azərbaycan Respublikasının Dövlət Himnini və sonra “ İdrakçılar” himnini ifa edirlər. Şagirdlərin bu cür ruh yüksəkliyi ilə dərsə başlaması gözəl bir ənənədir. Yeri gəlmişkən İdrak liseyi himninin müəllifi kimi bu məni də qürurlandırır. 

Uğurlar, İdrak liseyi, hər zaman irəlidə! 









воскресенье, 13 сентября 2020 г.

15 Sentyabr ilk dərs günüdür

 Sentyabrın 15-i uzun müddət boş qalmış məktəblər yenidən öz sevimli şagirdlərini qəbul etməyə hazırlaşır. Əvvəlki illərdən çox fərqli olan builki  ilk dərs gününün mövzusu budur: "Gigiyena qaydalarına necə əməl edirəm" Bu mövzu pandemiya dövründə uşaqların maariflənməsi üçün olduqca vacib bir mövzudur. Bununla əlaqədar mən də öz birincilərimə videoçarx hazırladım. Əsas təqdimatdan sonra onu nümayiş etdirəcəyəm. 










воскресенье, 14 июня 2020 г.

пятница, 12 июня 2020 г.

Əlvida, 4-cü sinif.

Bu da son. Onlayn dərslərimiz bitdi və mən öz sevimli dördüncülərimlə vidalaşıram. Bu ayrılıq anı hər birimizə təsir edir. Şagirdlərimdən göz yaşlarımı gizlətmək üçün tələsik sağollaşıram. Amma qrup  yazışmaları davam edir və mən daha da kövrəlirəm. Valideynlərin xoş sözləri, şagirdlərimin hiss və həyəcanları mənə çox təsir edir. Xüsusən də pandemiya zamanı karantinə görə  4-cü sinfi bitirmək münasibətilə şənlik də keçirə bilməyəcəyimizi düşünəndə, daha pis təsir edir. Amma bu sıxıntını  təkcə bizim yox, bütün dünyamız keçirir. Ümid edirik ki, bu dövr tez bir zamanda keçib gedəcək və biz yenidən görüşəcəyik. Mən yenidən öz 4-cülərimə dərs deyə bilməsəm də, biz hər zaman bir-birimizi məktəb daxilində görəcəyik.
Əziz dördüncülər! Mənim sevimli şagirdlərim! Siz hansı sinifdə oxumağınızdan asılı olmayaraq, hər zaman mənim şagirdlərim olaraq qalacaqsınız. Məktəbi bitirib müstəqil həyata qədəm qoyduqda da, bilin, mən hər zaman sizinləyəm. Sizin uğurlarınız mənim uğurlarımdır! Sizinlə hər zaman fəxr etmək arzusu ilə sizdən ayrılıram. Uğurlar, 4-cü “a” !