суббота, 8 декабря 2018 г.

"Qiymətlərin səhnəciyi"

Картинки по запросу мультяшная школьница
"Qiymətlərin" səhnəciyi
İştirak edir:
Qiymətlər - "5", "4", "3", "2" rəqəmləri tutmuş və ya plakatları sinəsindən  asılmış şagirdlər və
"Əlaçı" plakatı olan şagird

Səhnəyə "5" rəqəmi tutmuş şagird daxil olur və deyir:
- Ən əla qiymətəm mən,
Möhkəm, dəqiq biliyə
Ən doğru qiymətəm mən.
Çalışqan uşaqlara
Dövlətəm, zinətəm mən!

"4" rəqəmi tutmuş şagird birinci şagirdin yanına gəlib deyir:
- Yaxşıların yaxşısı
"Yaxşı" qiymət mənəm, mən!
Bir az da çalışaram,
"Əla" qiymət olaram.
Beşlərlə yaxın dostam,
Sözdə doğru-dürüstəm!

"3" rəqəmi tutmuş şagird gəlib "4"-ün yanında durur və deyir:
- Sevirəm tənbəlləri,
Əl çəkmərəm onlardan!
Bütün "kafi" işləri
Tanıyıram yaxından.
Adımın düz önündə
Qeyri sözü yazsanız,
Mənim yaxın dostumu
Çagırmış olarsınız.
Dostum, tez ol, gəlsənə,
Danışıb, dillənsənə!

"2" rəqəmi tutmuş şagird utana-utana gəlir və deyir:

- Nə danışım, bilmirəm,
Nə söyləyim, bilmirəm,
Heç nə, heç nə bilmirəm...
Heç bilmək istəmirəm!
Odur, gəlir "Əlaçı",
Buralardan tez qaçım!

Bunu deyib arxaya çəkilir. Bu zaman "Əlaçı" yazısı tutmuş bir şagird səhnəyə daxil olur və deyir:

- Əməyi çox sevirəm mən,
Zəhmətdən çəkinməyirəm.
"3"-ü qiymət saymıram,
Onu heç vaxt almıram.
(Bu zaman "3" qiyməti çəkilib gedir "2"-nin yanına)
Sizə deyim, mən "4"ə
Yanaşıram hörmətlə.
(Bunu dedikdə əlini "4"-ün çiyninə qoyur. Sonra keçir "5"-in yanında durur və onun əlindən tutur.)
Ancaq bütün dərslərdən
"5" almağı sevirəm,
Gündəliyimdə ona
Üstünlüyü verirəm.
Odur ki, əlaçıyam,
Dəstəmizə başçıyam.
Hər sinfə fəxr olaram,
Belə şagird olmağı
Sizə də arzularam!

Sonra bütün iştirakçılar birlikdə mahnı oxuyurlar. Bu mahnının  musiqisi "Biz mehriban ailəyik" ( karaokesi YouTube de var) mahnısının musiqisidir. 
   Mahnının sözləri:
             I
İki qiymət almaram mən,
Üçü yaxın qoymaram mən,
Qiymətlərim yalnız beşdir!
Biz əlaçı şagirdlərik,
Biz əlaçı şagirdlərik,
Gəlin dostlar deyək-gülək
Hər gün dərsə hazır gələk,
Başımızı uca edək,
Beşlərimizlə fəxr edək!
                II
 Tənbəllik etmərəm heç vaxt,
Başım uca olar hər vaxt,
Şərəf lövhəsi yerimdir!
Biz əlaçı şagirdlərik,
Biz əlaçı şagirdlərik,
Gəlin dostlar deyək-gülək!
Hər gün dərsə hazır gələk,
Başımızı uca edək,
Beşlərimizlə fəxr edək!



30 aprel 2000-ci il
Dilşad Şeyxzadə





воскресенье, 11 ноября 2018 г.

Yeni il ssenarisi


                                           Yeni il ssenarisi. 

İştirak edirlər: Dəniz quldurları(piratlar) və onların başçısı, Kirpi, Dovşan, Tülkü,
Canavar, Ayı, Qar qız, Sehrli Pəri, Yeni il, Şaxta baba
Rəqslər:  Qar dənəciklərinin rəqsi, Santaların rəqsi
Mahnilar: Piratların mahnısı, Yeni il mahnısı, Gözəl Vətən mahnısı
                                              I hissə
Sinif bəzənmişdir. Şən musiqi səslənir.Bu zaman pirat (dəniz quldurlarının başçısı) səhnəyə çıxır və deyir:
-Ha, ha, ha! Uşaqlar şənlik keçirmək istəyirlər. Yox, qoymaram! Mən sizin Yeni ilinizi oğurlamışam! O mənim gəmimdədir. Əlimdən ala bilməzsiniz! Yeni il şənliyiniz olmayacaq!
Dəniz qulduru fit çalır, dostlarını çağırır. Onlar gəlir və “Piratlar” mahnısını oxuyurlar,rəqs edirlər. 



Sonra başçı quldur deyir:
-        -  Ha, ha, ha, ha!!! İndi gedək, bir az yatım,dincəlim, yaman yorulmuşam. Sonra isə uzaq səfərə çıxmalıyıq! Haydı, uşaqlar, ardımca!
Piratlar gedirlər.
                                           II hissə
Səhnəyə Kirpi və Dovşan gəlir.Dovşan deyir:
-Kirpi qardaş, eşitdin? Quldurlar bizim Yeni ilimizi oğurlayiblar.Bəs indi biz neyləyəcəyik? ( Ağlayır)
Kirpi deyir:
-Heç narahat olma, a dovşan qardaş.İndi bir şey fikirləşərik.
Kirpi o tərəf bu tərəfə var-gəl edir.
Bu zaman Tülkü ilə Canavar səhnəyə çıxır. Onlar Dovşana hücum edir.Dovşan qaçmaq istəyəndə Kirpi onu müdafiə edir.
-Dayanın! Adam özündən balacaları incitməz! Gücünüz çatırsa gedin quldurların əlindən Yeni ili xilas edin!
Tülkü ilə Canavar ikisi də birdən deyir: - Yeni ili? Yeni ilə nə olub?
Bu zaman Ayı nərildəyə-nərildəyə səhnəyə daxil olur.O deyir:
-Bu nə səs-küydür salmısınız?! Yatmağa da qoymadınız! İndi sizi parçalayacağam!!!
Heyvanlar qorxub qaçmaq istəyirlər. Amma Kirpi qorxmur. O, irəli gəlib deyir:
-Hörmətli Ayı qardaş, sən bizim meşədə hamıdan böyüksən, güclüsən. Sən bizə kömək edə bilərsən.
Ayı: - Nə olub sizə?
Kirpi: -Bizə yox. Yeni ilimizi xilas etmək lazımdır. Quldurlar onu oğurlayıblar.
Ayı başını qaşıya – qaşıya deyir: -Hə....Əlbəttə mən sizə kömək edərəm. Verin o quldurları mənə parçalayım!
Heyvanlar deyirlər: - Axı, biz bilmirik onlar harada gizləniblər.
Bu zaman Qar qız və Sehrli  Peri gəlirlər. Onlar salamlaşırlar: - Salam, dostlar!
Qar qız deyir: - Niyə burada durmusunuz? Axı bizi uşaqlar gözləyir. Yeni il şənliyidir!
Dovşan irəli çıxıb ağlayaraq deyir:
-Gözəl Qar qız, Sehrli Pəri, biz bu şənliyə gedə bilmərik.
Kirpi də deyir:
-Çünki Yeni ilimizi dəniz quldurları - piratlar oğurlayıblar.
Qar qız Sehrli Pəriyə baxıb deyir: - Sehrli Pəri, indi biz nə edək?
Sehrli Pəri deyir: - Mən bilirəm nə etmək lazımdır!
O, Qarqızın qulağına nə isə pıçıldayır. Sonra deyir: - Gəlin gedək.
Qarqız da deyir: - Hə, gəlin gedək!
                                            III hissə
Qar qız və Sehrli Pəri şənliyə gəlirlər. Uşaqlar onları görüb əl çalırlar.Qar qız deyir:
-Əziz və sevimli uşaqlar! Bilirsiniz nə olub?
Uşaqlar: - Nə olub?
Qar qız: - Yeni ili dəniz quldurları oğurlayıb. Amma mən bilirəm nə etmək lazımdır. Biz gərək şənliyimizi elə keçirək ki, quldurlara da maraqlı olsun. O zaman onlar özləri bizim şənliyimizə gələcəklər. Əvvəlcə gəlin birlikdə “ Şaxta baba” mahnısını oxuyaq və sonra Şaxta babanı çağıraq.
Uşaqlar “Şaxta baba” mahnısını oxuyurlar.Qar qız deyir: - İdi gəlin Şaxta babaya şeirlər də söyləyək ki, tez gəlsin.
Uşaqlar şeirlər söyləyirlər.
Sehri Pəri deyir: - İndi isə qar dənəcikləri gəlsin!
Qar dənəciklərinin rəqsi səslənir, qızlar rəqs edirlər.
Sonra Qar qiz deyir: - Uşaqlar, Şaxta babanı çağırmaq vaxtıdır. Gəlin birlikdə onu səsləyək.
Xorla: - Şaxta baba, şaxta can! Hardasan bu vaxtacan!
Şaxta baba gəlir və deyir:
-Salam, əziz uşaqlar! Bayramınız mübarək! 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Hamınızı təbrik edirəm!
                                                   IV hissə
Uşaqlar vətən mövzusunda şeirlər söyləyirlər. “ Gözəl Vətən” mahnısını oxuyurlar.
Sonra Santaların rəqsi ifa edilir.
Bu zaman quldur səhnəyə çıxıb deyir:
-Uşaqlar, nə maraqlıdır şənliyiniz! Mən sizin səsinizdən heç yata da bilmədim. Olar ki, mən də burada iştirak edim?
Uşaqlar: - Yeni ilimizi qaytar bizə! Qaytar!
-         Söz ver ki, heç vaxt heç kimə pislik etməyəcəksən!
Quldur: - Yaxşı, yaxşı...Söz verirəm ki, bu il heç kimə pislik etməyəcəyəm.
Quldur gedir. Yeni il gəlir və deyir:
-Salam, uşaqlar! Sizi görməyimə çox şadam! Yeni iliniz mübarək! Hamınıza can sağlığı və bütün dərslərinizdən əla qiymətlər almağı arzulayıram. Arzu edirəm ki, hər zaman belə qoçaq və şən olasınız!
Sehrli Pəri deyir: - Uşaqlar, gəlin birlikdə “Yeni il” mahnısını oxuyaq!
Uşaqlar Yeni il mahnısını xorla oxuyurlar.
Şənlik davam edir.
                                                     Son.
                                               
                                   Müəllif Dilşad Şeyxzadə



четверг, 8 ноября 2018 г.

9 Noyabr Dövlət Bayrağı Günüdür.

İnteraktiv səhnə və ya Dövlət Pantomima Teatrının uğurlu repertuarı.

Hər bir müəllim öz işinə yaradıcı yanaşır. Bu o deməkdir ki, müəllim hər zaman axtarışdadır, öz işinin peşəkarı olan hər bir mütəxəssis kimi.
  Bu yaxınlarda müəllim həmkarım öz sinfini teatra aparacağını dedi və mənə də bu təklifi etdi. Söhbət Pantomima Teatrından gedirdi. Şagirdlərimə maraqlı olacağını şübhə altına alsam da, teatra həvəs üstün gəldi və mən də bu təkliflə razı olub ekskursiyanı təşkil etdim. Əlaqə saxlayıb tamaşa haqqında ətraflı məlumat topladım. Çox sevindim ki, tamaşanın mövzusu bizim Həyat bilgisindəki dərslərimizlə üst üstə düşür. Yəni, Sağlamlıq və təhlükəsizlik məzmun xətti üzrə 4.2.1  və 4.3.1. məzmun standartlarının reallaşdırılmasına zəmin yaradır. Nəhayət, bu tamaşaya baxmaq üçün 3A sinfimlə Dövlət Pantomima Teatrına yollandıq.
  Tamaşanın adı " Fəlakət və insan"dır. İdeya müəllifi xalq artisti Bəxtiyar Xanı-zadə, quruluşçu rejissoru Bəhruz Əhmədli olan bu maraqlı və maarifləndirici, eyni zamanda əyləncəli tamaşa ekstremal situasiyalarda davranış qaydaları və sağlamlığın qorunması haqqında bilik və bacarıqlar formalaşdırmaq məqsədi daşıyır. Maraqlısı odur ki, səhnə situasiyaya uyğun olaraq gah adi otaq, gah sinif otağı, gah da təbiətin bir guşəsi olur. Bütün bu dəyişikliklər sadə dekorasiya ilə, yalnız aktyorların oyun məharəti, hərəkətləri, jestləri ilə baş verir. Əlbəttə ki, tamaşanı canlandıran və ona rəngarənglik verən musiqi tərtibatı haqqında danışmamaq olmaz. Yeri gəlmişkən, musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyevdir.
Tamaşa haqqında çox danışmaq olar, amma ona baxmaq daha yaxşı olar. Buna görə də dəyərli həmkarlar, hörmətli valideynlər, yığışıb uşaqlarınızı bu tamaşaya mütləq aparın. Uşaqlar əylənərək, oynayaraq zəruri həyati bacarıqlar qazanacaqlar.
  Çox istəyirəm ki, bu mövzunu daha da genişləndirərək yol hərəkəti, nəqliyyatda davranış qaydaları kimi zəruri bacarıqlar formalaşdıran bu cür, interaktiv səhnələrlə Pantomima Teatrı  kiçikyaşlı məktəbliləri maarifləndirsin. Bu, yalnız pantomimadan  da ibarət olsa uşaqlar üçün maraqlı olacağına əminəm.  Belə  tamaşalara bizim hər zaman ehtiyacımız var.
    Tamaşaya görə öz adımdan və sinfimin şagirdləri, valideynləri adından təşəkkür edirəm, uğurlar arzulayıram!
Tamaşa şagirdlərimizin gözü ilə. Daha ətraflı









суббота, 20 октября 2018 г.

Payız ssenarisi üçün "Payızın mahnısı"

          "Payızın mahnısı"


Uşaqlar üçün səhnəciklərdə çox zaman karaoke lazım olur. Buna görə də düşündüm ki, "Payızın mahnısı" üçün karaoke hazırlayım. Əslində bu mahnının sözlərini 15 ildən çoxdur ki, yazmışam. Sinif səhnəciklərində də uğurla ifa edilib. Bəyəndinizsə, buyurun siz də istifadə edin. Sonra ssenarini bütünlüklə dərc edəcəyəm.
 

"9 Noyabr Dövlət Bayragı Günüdür" tədbiri üçün ssenari

"9 Noyabr Dövlət Bayragı Günüdür" tədbiri üçün ssenari


Bu ssenari üzrə tədbirin giriş hissəsini təşkil etmək olar. Bunun üçün bayrağın rənglərinə uyğun parça və ya rəngli kağızdan istifadə etmək lazımdır. Hər rəngin rəmzinə uyğun şeirlər verilir. Şagirdlər əllərində bayrağın rənginə uyğun parça və ya rəngli karton kağız tutaraq öz şeirlərinin təqdim edirlər.

Göy rəng:1-ci şagird:  -OT KÖKÜ ÜSTƏ BİTƏR,
                                      DEYİB ATALARIMIZ,
                                      GÖY RƏNG TÜRKÇÜLÜYÜMÜZ!

               2-ci şagird: -   TÜRK SOYLUDUR KÖKÜMÜZ,
                                       GÖY TÜRKLƏRDƏN YARANMIŞ
                                       TÜRK ƏSİLLİ XALQIQ BİZ!

Qırmızı rəng: 1-ci şagird: - AL ŞƏFƏQDƏN YARANMIŞ
                                            MÜSTƏQİLLİK GÜNƏŞİ,
                                            QOY BÜRÜSÜN HƏR YANI
                                            AZADLIĞIN ATƏŞİ!

                    2-ci şagird: -   QIPQIRMIZI BOYAYAN
                                            ODUR BAYRAĞIMIZI
                                            İNKİŞAFA APARAN
                                            DEMOKRATIYAMIZI!  

Yaşıl rəng: 3-cü şagird:   OT YAŞIL, ÇƏMƏN YAŞIL,
                                         YAŞIL HƏYATIN ÖZÜ,
                                         İSLAM DİNİNİN RƏMZİ.

                  4-cü şagird: -  DİNİMİZ, İMANIMIZ
                                         ODUR ETİQADIMIZ!

                  Aypara:  -     BU DA BİZİM AYPARA,
                                       AY PARÇASI, AY PARA!
                                       SƏMAVİ QONAĞIMIZ,
                                       DÖVLƏTİMİZ, VARIMIZ

                    Ulduz: -      BU ULDUZA BAXIN SİZ,
                                       BİZƏ OLUBDUR ƏZİZ.
                                       GÜNƏŞDİR, ULDUZ DEYİL,
                                       SƏKKİZ GUŞƏSİ SEHR!

                 7-ci şagird- BAXIN, MƏNİM BAYRAĞIM
                                      GÖR NECƏ YARAŞIQDIR!
                                      BAŞI UCA, GÖYLƏRDƏ
                                      ŞƏFƏQ SAÇAN İŞIQDIR!

                8-ci şagird: -DALĞALAN, DALĞALAN,
                                     EY UCA BAYRAQ!
                                      BƏSLƏYİB GÖZLƏR ÜSTƏ SƏNİ
                                      QORUYAQ!
                                      KOR OLSUN DÜŞMƏNLƏR SƏNİ
                                      GÖRƏNDƏ,
                                       YAŞA, VAR OL HƏR AN ORDU
                                      ÖNÜNDƏ!
                 9-cu şagird: - DÜNYƏVİ DÖVLƏTİK BİZ,
                                      XOŞBƏXTLİKDİR RƏMZİMİZ.
                                      SÜLHSEVƏRDİR XALQIMIZ,
                                      MƏRDLİKDİR AMALIMIZ!
 10-cu şagird (əsgər paltarında): -
                                                 QOYMARIQ ƏLDƏN GETSİN
                                                  BİR QARIŞ TORPAĞIMIZ,
                                                  İGİDLİKDİR ANDIMIZ
                                                  BİRLİKDİR SİLAHIMIZ!

                           XORLA: -  BİZ BİRLİKDƏ GÜCLÜYÜK!
                                              UCALSIN BAYRAĞIMIZ!

Bu çıxışların ardınca mahnı səsləndirmək olar. 

Şeirlərin müəllifi D. Şeyxzadədir

29 oktyabr 2017-ci il

суббота, 13 октября 2018 г.

"Yaşıl karandaş" dərsinin təqdimatı

3-cü sinif Azərbaycan dili fənni üzrə "Yaşıl karandaş"  dərsinin təqdimatının video formatını təqdim edirəm. Bu dərsin icmalını bloqumun əvvəlki səhifəsində dərc etmişəm. Yaşıl karandaş mövzusunun icmalı

3-cü sinif Azərbaycan dili " Yaşıl karandaş"


Mövzu: Yaşıl karandaş
Məzmun standartları:
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və oxuduqlarını müqayisə etməklə nəql edir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
Təlim məqsədləri:
Ø Müəyyən fikirlə bağlı öz mövqeyini bildirir və onu əsaslandırır.
Ø Mətni durğu işarələrinə uyğun intonasiya ilə oxuyur.
Ø Mətnin ideyasına uyğun atalar sözünü seçir.
Ø Əsərin qəhrəmanının xarakterik əlamətlərinin müəyyən edir.
İnteqrasiya: H.b. 2.1.2.,  3.1.1.
Təlim formaları: Kollektivlə iş, kiçik qruplarla iş
Təlim üsulları: Əqli hücum, müzakirə, Blum çiçəyi, Sual müsabiqəsi, Sinkveyn
Resurslar: Dərslik, iş vərəqləri, PP prezentasiyası
                       Dərsin gedişi
Motivasiya:
-         Uşaqlar, yadınızdadır Həyat bilgisi dərsində dostluq haqqında bir mövzu keçmişdik? Siz dediniz ki, hansı xasiyyətdə olan uşaqlarla dostluq edərdiniz? (Fərziyyələr dinlənilir)
-         Bəs necə uşaqları öz dostlarınız arasında görmək istəməzdiniz?
-         Gəlin bir müsbət keyfiyyəti onun əksi ilə qarşılaşdıraq.
əliaçıq – xəsis
Xəsis adama hansı xüsusiyyətlərinə görə xəsis deyirlər?
Tədqiqat sualı:
Xəsis insan həyatda daha çox qazanır, yoxsa itirir?
Tədqiqatın aparılması: Dərsliyin 31-ci səhifəsindəki mətn əvvəlcə səssiz, sonra isə rollar üzrə oxunur.
Müzakirə üçün suallar: Kimin hərəkətini bəyənmədiniz? Fikrinizi əsaslandırın.
Sual müsabiqəsi. Qruplarla iş. Hər qrup mətn üzrə 2 sual hazırlayır. Suallar“Blum çiçəyi” üsulu  üzrə tərtib olunur.
İnformasiya mübadiləsi: Qruplar tapşırıqları yerinə yetirib təqdim edirlər. Sual müsabiqəsi təşkil olunur. Hər düzgün suala görə 1 bal, hər doğru cavaba görə 2 bal verilir.
İnformasiyanın müzakirəsi:
 Müzakirə üçün suallar: Bu hekayənin mövzusu haqqında nə deyə bilərsiniz?
Mətnin ideyası haqqında fikir yürüdün.
Verilmiş fikirlərdən hansı bu mətnin ideyasına uyğun gəlir?
(Şagirdlər mətnin ideyasını müəyyən edirlər.)
Nəticə və ümumiləşdirmə:İnsanı digər canlılardan fərqləndirən müsbət keyfiyyətlərdən biri də əliaçıqlıq və səxavətli olmaqdır. Yanında olanlara hər zaman kömək əlini uzatmaq hər bir adamın borcudur. Xəsislik heç kimə hörmət gətirmir. Əksinə, hörmətsiz edir. Xəsis insanlar heç kimlə paylaşa bilmirlər. Elə buna görə də həyatda tək qalırlar. İtirdikləri qazandıqlarından çox olur.
Bu həyatda hörmət, dost qazanmaq istəyirsinizsə, paylaşmağı öyrənməlisiniz.
            Həyat paylaşdıqca gözəldir!
Refleksiya: “Xəsis” sözünə sinkveyn qurun. (Hər qrup bu tapşırığı yerinə yetirir və təqdim edir.)
Qiymətləndirmə: Qrup işinin qiymətləndirilməsi və meyarlara əsasən qiymətləndirmə aparılır.


Hazırladı: 102 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dilşad Şeyxzadə



пятница, 21 сентября 2018 г.

Beynəlxalq Sülh Günü

21 sentyabr Beynəlxalq Sülh Günüdür. Bu münasibətlə 3A sinfində tədbir keçirildi. Tədbirdə bu günün tarixi və mahiyyəti haqqında danışıldı. Şagirdlər sülh mövzusunda şeirlər söylədilər, mahnı oxudular, rəsm çəkdilər. Texnologiya dərsində isə mövzuya aid açıqcalar hazırladılar.





понедельник, 17 сентября 2018 г.

Ilk dərs günümüz başladı!

17 sentyabr 2018-ci il. 102 nömrəli məktəbin 3A sinfində ilk dərs günü başlandı. İlk dərs gününün mövzusu " Vətənim Azəraycan"dır. Maraqlı təqdimatdan sonra şagirdlərlə müzakirə keçirildi. Dərs vətənpərvərlik mövzusunda davam etdi. Sonra uşaqlar esse yazdılar.



пятница, 1 июня 2018 г.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür



Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Əziz uşaqlar, bayramınız mübarək!

Qoy sevinsin uşaqlar!

четверг, 31 мая 2018 г.

Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda

31 may 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.X.Axundzadə adına 102 nömrəli məktəbin 2"a" sinif şagirdləri Qala Dövlət Tarix- Etnoqrafiya Qoruğuna ekskursiyaya getdilər.
Açıq səma altında yerləşən bu tarix muzeyində uşaqlar xalqımızın keçmişi
, qədim adət- ənənələri, gündəlik yaşayış tərzi ilə tanış oldular. Həmçinin bu ərazidə tapılan arxeoloji qazıntıları gördülər, bələdçinin verdiyi ətraflı məlumatı dinlədilər.
Uşaqlar qoruqda saxlanılan canlı heyvanlara da baxdılar. At, dəvə, ulaq, tülkü, dovşanı görmək uşaqların sevincinə səbəb oldu.
Qoruğun ərazisində yerləşən daha bir maraqlı muzeyin, Tullantılar muzeyinin eksponatlarını  uşaqlar və onların valideynləri maraqla izlədilər. 
Ekskursiya boyu SmarTravel Məktəbli Turlarının bələdçisi Mərufə xanım uşaqlarla ünsiyyət qurur, intellektual viktorinalar təşkil edir, şəkil çəkir ve qısa videoçəkilişlər edirdi.
Bu maraqlı və maarifləndirici ekskursiya uşaqların çox xoşuna gəldi. Hətta bu mövzuda inşa da yazdılar.





















четверг, 17 мая 2018 г.

Şüurlu oxu

 Bu gün Azərbaycan dili dərsində şüurlu oxu texnologiyalarından biri olan "Blum çiçəyi"ni tətbiq etdim.Dərs maraqlı alındı. Sinif 6 qrupa bölündü. Hər qrup sual çiçəyinin müəyyən ləçəyi üzrə işlədi . Doğrusu, uşaqların tərtib etdiyi  suallar mənim gözlədiyimdən də maraqlı və düşünülmüş oldu. Bu, çox sevindirici haldır. Demək mənim şagirdlərim düşünməyi öyrənirlər. Afərin, 2"a" !